Açarlığa taxılan Amoeba One telefonu 42 500 manatlıq hədəfi 24 dəfə aşdı
Açarlığa taxılan “Amoeba One” telefonunun “Kickstarter” kampaniyası ilkin maliyyə hədəfini təxminən 24 dəfə üstələyib. Layihənin hədəfi 25 000 dollar (təxminən 42 500 manat) idi. Kampaniyanın sonunda telefon üçün 599 719 dollar (təxminən 1 019 520 manat) toplanıb. İlk dəstəkçilər üçün telefonun qiyməti 99 dollar (təxminən 170 manat) olub.
“Amoeba One” 69 × 51 mm ölçüsündədir və adi smartfondan çox “Tamagotchi” oyuncağına bənzəyir. Gövdəsindəki qarmaqla telefonu açarlığa taxmaq olur. Telefonun kiçik sensor ekranı və 1 kamerası var. Kameranı çevirib həm selfi çəkmək, həm də arxa kamera kimi işlətmək olur.
Telefon “Android”in bu modelə uyğunlaşdırılmış versiyası ilə işləyir. Musiqi dinləmək, bank xidmətlərindən yararlanmaq və xəritəyə baxmaq üçün hazır tətbiqlər var. Amma telefonda nə sosial şəbəkə tətbiqləri, nə də yeni proqram yükləmək üçün tətbiq mağazası var. Valideyn nəzarəti də var.
“Amoeba One” modelində 4 GB operativ yaddaş və faylları saxlamaq üçün 32 GB daxili yaddaş var. Batareyanın tutumu 1000 mAh-dır, amma telefonun bir dolumla nə qədər işləyəcəyi hələ məlum deyil. Telefonda USB-C girişi var, 4G, Bluetooth və Wi-Fi bağlantıları da işləyir. eSIM əvəzinə adi SIM kart taxmaq üçün yuva var.
Kampaniya başa çatsa da, “Kickstarter”də layihəyə hələ də dəstək vermək olur. Rəngi təsadüfi seçilən “Amoeba One” hazırda 110 dollara (təxminən 190 manat) başa gəlir. Tikanlı silikon üzlü variantlar bir qədər bahadır. Maliyyə hədəfinin aşılması telefonun alıcılara çatdırılacağına zəmanət vermir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...