Apple HomeView ağıllı ev mərkəzini 13 oktyabrda təqdim edə bilər
“Apple”ın uzun müddətdir gözlənilən ağıllı ev mərkəzinin “HomeView” adlanacağı deyilir. Cihazın 13 oktyabrda keçiriləcək “Welcome Home” tədbirində göstərilməsi və noyabrın ortalarında satışa çıxarılması gözlənilir. Ekranlı qurğu evdəki ağıllı cihazları bir nöqtədən idarə etmək üçündür. “HomeView” “A18” çipi ilə işləyəcək.
“HomeView” masaüstü və divara quraşdırılan 2 versiyada buraxılacaq. Masaüstü modelin ekranı metal dinamik altlığının üzərində olacaq. Dizayn “iMac G4” modelini xatırladacaq və 4 rəng seçimi ilə təqdim olunacaq. Divara quraşdırılan model yastı, kvadrat altlıqla hazırlanacaq və yalnız gümüşü, eləcə də tünd boz rənglərdə satılacaq.
Cihaz əsasən “Siri” və səsli əmrlərlə idarə olunacaq. İstifadəçilər otağın uzaq tərəfindən ekrandakı məlumatları görə, ağıllı ev cihazlarına səsli göstəriş verə biləcəklər. “HomeView” yalnız məhdud sayda “Apple” tətbiqini işlədəcək və “App Store” mağazasına giriş açılmayacaq. Ancaq yaxınlıqdakı “iPhone”dan başqa tətbiqlərin vidjetlərini, yəni qısa məlumat panellərini ekrana ötürmək olar.
“Apple” yeni ağıllı ev aksesuarları hazırlamaq üçün “LG” ilə işləyir. Planlara qapı zəngləri, termostatlar, qapı kilidləri və açıq hava üçün təhlükəsizlik kameraları daxildir. Avropa bazarında şirkət “Schneider Electric SE” ilə də əməkdaşlıq edir. Məhsulların “Apple Home Collection” adı altında çıxacağı və ən tez bu ilin sonlarına doğru satışa başlayacağı gözlənilir.
“HomeView”lə birlikdə yenilənmiş “Apple TV” və “HomePod mini” modellərinin də göstəriləcəyi deyilir. Televizora qoşulan yeni “Apple TV” qurğusunda “A19” çipi, “HomePod mini”də “S10” çipi olacaq. Yeni ağıllı dinamik evin müxtəlif hissələrindən səsli əmrlər vermək və musiqi dinləmək üçündür. Hər iki cihazın 30 oktyabrda satışa çıxacağı gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...