Apple-ın ilk qatlanan iPhone-u iki rəngdə təqdim oluna bilər
Apple-ın uzun müddətdir gözlənilən ilk qatlanan smartfonu iPhone Fold haqqında yeni məlumatlar ortaya çıxıb. Son sızmalara əsasən, cihaz Silver (gümüşü) və Dark Blue (tünd mavi) olmaqla ən azı iki rəng seçimində satışa çıxa bilər. Məlumat tanınmış insayder Sonny Dickson tərəfindən paylaşılıb. O, iPhone Fold üçün hazırlandığı iddia edilən üçüncü tərəf kamera qoruyucularının fotolarını yayımlayıb. Aksesuarların rəngləri cihazın korpusu ilə uyğunlaşdırıldığı üçün onların iPhone Fold-un mümkün rənglərini göstərdiyi ehtimal edilir.
Bununla belə, sözügedən aksesuarlar Apple tərəfindən istehsal edilməyib. Buna görə də istehsalçının iPhone Fold-un yekun rəngləri haqqında dəqiq məlumata sahib olub-olmadığı bilinmir və məlumat hələlik sızma xarakteri daşıyır. Əvvəlki məlumatlarda Apple-ın qatlanan iPhone üçün ağ, açıq gümüşü, qara və ya tünd boz kimi müxtəlif rəngləri nəzərdən keçirdiyi bildirilirdi. İyun ayında yayılan məlumatlarda isə şirkətin rəng seçimləri ilə bağlı hələ yekun qərar vermədiyi iddia edilmişdi.
Paylaş
