
ASUS ROG Ally X portativ oyun konsolunun texniki imkanları və satış qiyməti açıqlanıb
Cihazlar+
13.05.2024
Emil
ASUS şirkəti keçən həftə ROG Ally X adlı portativ oyun konsolunun təqdimatını anons etdi. Sözügedən portativ oyun konsolu 2 iyun tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu, keçən il təqdim edilmiş ASUS ROG Ally adlı portativ oyun konsolunun bir qədər yenilənmiş versiyasıdır. İndi isə insayderlər ASUS ROG Ally X-in əsas texniki özəlliklərini və satış qiymətini açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən ASUS ROG Ally X 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ekranla təchiz olunacaq. Bu yenilənmiş portativ oyun konsolu AMD Ryzen Z1 Extreme prosessoru vasitəsilə çalışacaq.
Onu keçən ilki ROG Ally-dan fərqləndirəcək əsas özəlliklərdən biri də böyük həcmli SSD olacaq. Belə ki, ROG Ally X-in standart versiyası 1 TB-lıq SSD-yə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki ROG Ally modelinin standart versiyası özündə 512 GB-lıq SSD-ni birləşdirir. Bununla yanaşı ROG Ally X-in daha böyük həcmli batareyaya sahib olacağı gözlənilir. ASUS-un bu yenilənmiş portativ oyun konsolunun satış qiymətinə gəldikdə isə insayderlər bildiriblər ki, o, 799$-a satılacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki ROG Ally satışa çıxan zaman 699$-a satılırdı.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
