Asus smartfon istehsalını dayandırır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Asus smartfon bazarından müvəqqəti olaraq çəkilə bilər. Şirkətin sədri Jonney Shih Tayvanın Inside nəşrinə verdiyi müsahibədə bildirib ki, Asus yaxın gələcəkdə yeni mobil telefon modelləri buraxmağı planlaşdırmır. Bu qərar Zenfone və ROG Phone seriyalarının faktiki olaraq dayandırılması mənasına gəlir.
Shih-in sözlərinə görə, Asus smartfon bazarını “müəyyən edilməmiş müşahidə mərhələsinə” keçirir. Yəni şirkət bu sahədən tamamilə imtina etdiyini deməsə də, hazırda yeni modellər üzərində işləməyəcək. Bununla belə, mövcud Asus telefon istifadəçilərinə dəstəyin davam edəcəyi qeyd olunub. Son illərdə Asus-un öz brendi altında çıxardığı smartfonlar bazarda ciddi maraq doğurmurdu. 2023-cü ildə təqdim olunan kompakt Zenfone 10 müəyyən diqqət toplasa da, sonrakı modellər gözləntiləri doğrultmadı. ROG Phone seriyası isə premium oyun telefonları arasında uzun müddət etalon sayılırdı. Buna baxmayaraq, 2025-ci ildə cəmi iki model, Zenfone 12 Ultra və ROG Phone 9 FE təqdim edildi və bu cihazların heç biri ABŞ bazarına çıxmadı.
Asus-dan rəsmi təsdiq almaq üçün müraciət edilsə də, xəbərin dərc olunduğu vaxta qədər şirkətdən cavab verilməyib.
Paylaş