Logo
    main-post-cover

    “Enough Phone” dəyişdirilə bilən batareyalı kompakt smartfon hazırlayır

    Cihazlar+
    01.09.2026
        “Enough Phone” layihəsinin komandası kompakt smartfonun əsas texniki göstəricilərini və maket fotolarını açıqlayıb. Cihaz 5,3 düymlük ekranı və istifadəçinin dəyişə biləcəyi batareyası ilə iri smartfonlara alternativ olmağa çalışır. Layihə ilk dəfə iyunun sonunda elan edilmişdi, lakin həmin vaxt cihaz barədə az məlumat vardı. Layihənin maliyyələşdirilməsi üçün tezliklə “Kickstarter” kampaniyasına başlanacaq.
    “Enough Phone” dəyişdirilə bilən batareyalı kompakt smartfon hazırlayır
        “Enough Phone” 720 x 1520 piksel təsvir ölçülü 5,3 düymlük LCD ekranla təchiz olunacaq. Müqayisə üçün, “iPhone 13 mini” modelində 5,4 düymlük ekran istifadə olunur. Yeni cihazın ölçüləri 132,8 x 63,8 x 12 mm təşkil edir. O, 131,5 x 64,2 x 7,7 mm ölçülü “Apple” smartfonuna yaxın uzunluq və enə sahib olsa da, nəzərəçarpacaq dərəcədə qalındır.
        Qalın gövdə smartfonda 3500-4000 mAh tutumlu batareyadan istifadəyə imkan verəcək. İstehsalçı hələ dəqiq tutumu müəyyənləşdirməyib, lakin batareyanı istifadəçi özü çıxarıb yenisi ilə əvəzləyə biləcək. Müasir smartfonlarda nadir rast gəlinən bu seçim cihazın əsas üstünlüklərindən biri olacaq. Arxa panelin polikarbonatdan hazırlanması planlaşdırılır.
    “Enough Phone” dəyişdirilə bilən batareyalı kompakt smartfon hazırlayır
        Smartfon orta seqment üçün nəzərdə tutulmuş “MediaTek Dimensity 7500” prosessoru, 8 GB RAM və 128 GB yaddaş əldə edəcək. Yaddaşı microSD kartı ilə genişləndirmək mümkün olacaq. Arxa hissədə 50 MP təsvir ölçülü tək kamera, ön hissədə isə 32 MP təsvir ölçülü kamera yerləşəcək. Təhlükəsizlik üçün barmaq izi skanı da nəzərdə tutulub.
        Digər imkanlar sırasında 5G, NFC və eSIM dəstəyi yer alır. “Enough Phone” smartfonunun “OdysseyOS” interfeysli “Android 17” əməliyyat sistemi ilə çalışması planlaşdırılır. Buna baxmayaraq, texniki göstəricilərin bir hissəsi hələ yekun təsdiqini almayıb. Qiymət də açıqlanmayıb və cihazın satışa çıxması “Kickstarter” kampaniyasının uğurundan asılı olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...