Enough Phone komandası 5,3 düymlük kiçik smartfon təqdim etdi
“Enough Phone” böyük ekranlardan bezənlər üçün hazırlanan kiçik smartfondur. Layihəni Brennan Jordan, Austin Boer və Will Stults qurub. Komanda istehsala başlamaq üçün “Kickstarter” platformasında 250 000 dollar (təxminən 425 000 manat) toplamaq istəyir. Kampaniya açılandan cəmi 1 gün sonra hədəfin yarıdan çoxu yığılıb.
Telefonun 5,3 düymlük ekranı və 3500 mAh batareyası olacaq. Batareyanı istifadəçi özü dəyişə biləcək. Qurğu üçün “MediaTek Dimensity 7500” prosessoru və 8 GB operativ yaddaş (RAM) planlaşdırılır. Arxa kamerada “Sony” istehsalı 50 meqapiksellik sensor olacaq. Ölçülər hələ açıqlanmayıb, amma komandanın məlumatına görə, cihaz “iPhone Mini” ölçüsünə yaxın olacaq.
Alıcılar standart “Android” və ya diqqəti yayındıran elementləri azaldılmış “OdysseyOS” sistemini seçə biləcəklər. Jordan və Boer daha əvvəl “Sleke” adlı proqram təminatı startapını qurublar. Şirkət hazırda yenilənmiş “Pixel 8” və “Pixel 9” telefonlarını “OdysseyOS” sistemi ilə kiçik partiyalar şəklində satır. Ancaq bəzi müştərilər bu telefonları minimalist sistem üçün böyük hesab ediblər.
Kampaniyaya erkən qoşulanlar üçün endirim var. Kampaniya başa çatdıqdan sonra “Enough Phone” 599 dollara (təxminən 1020 manat) satılacaq. Təsisçilər qiymətin yüksək olmasını çip çatışmazlığı və RAM tədarükündəki problemlərlə əlaqələndirirlər. Layihə kənar sərmayə cəlb etmədən maliyyələşdirilir. Komanda düşünür ki, bu yanaşma xərcləri azaltmaq təzyiqindən yayınmağa və vəd olunan 5 illik proqram dəstəyini qorumağa kömək edəcək.
Hazırda istehsal üçün lazım olan alətlər hazırlanır. Telefonların 2027-ci ilin mayında alıcılara göndərilməsi planlaşdırılır, ancaq RAM qıtlığı bu tarixi gecikdirə bilər. Kiçik smartfon bazarında seçim azdır. “Apple” son “iPhone Mini” modelini 5 il əvvəl buraxıb, “Asus” isə “Zenfone” seriyasındakı telefonları böyüdüb. Komanda bazardakı bu boşluğu “Enough Phone” üçün əsas fürsət sayır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...