Evinizdəki ağıllı cihazlar düşündüyünüzdən daha çox məlumat toplaya bilər
Ağıllı məişət texnikası gündəlik həyatı daha rahat etsə də, istifadəçilər barədə düşündüyünüzdən daha çox məlumat toplaya bilər. Mütəxəssislər bildirirlər ki, internetə qoşulan soyuducu, paltaryuyan, qabyuyan və digər ağıllı cihazlar istifadə vərdişləri ilə yanaşı bəzi şəxsi məlumatları da istehsalçılara ötürür. Consumer Reports tərəfindən aparılan araşdırmaya əsasən, aparıcı istehsalçıların ağıllı məişət texnikaları hər həftə təxminən 3,4 MB-dan 19 MB-a qədər istifadə məlumatını şirkətlərə göndərir. Bu məlumatlara cihazın nə qədər istifadə edilməsi, hansı proqramların seçilməsi, enerji sərfiyyatı, qapının neçə dəfə açılıb-bağlanması kimi göstəricilər daxildir.
Bəzi istehsalçılar isə bundan əlavə istifadəçinin poçt indeksi, telefon nömrəsi və yerləşdiyi məkan kimi şəxsi məlumatlarını da toplaya bilər. Məsələn, ağıllı soyuducularda ailə təqvimi, alış-veriş siyahısı və digər funksiyalardan istifadə edilirsə, bu məlumatların da sistem tərəfindən emal olunması mümkündür. Araşdırmada qeyd olunur ki, toplanan məlumatlar adətən şifrələnmiş formada ötürülsə də, şirkətlərin məxfilik siyasətlərində bu məlumatların hansı məqsədlə və kimlərlə paylaşılması hər zaman açıq şəkildə izah edilmir. Samsung və LG kimi şirkətlər məlumatlardan fərdiləşdirilmiş reklam, marketinq və xidmətlərin təkmilləşdirilməsi məqsədilə istifadə oluna biləcəyini bildirirlər. Bosch isə Home Connect platforması vasitəsilə anonim istifadə statistikalarının toplandığını qeyd edir.
Mütəxəssislər istifadəçilərə ağıllı cihaz almamışdan və ya onları internetə qoşmamışdan əvvəl istehsalçının məxfilik siyasətini (Privacy Policy) diqqətlə oxumağı tövsiyə edirlər. Bir çox şirkət istifadəçilərə onlar haqqında hansı məlumatların saxlanıldığını tələb etmək hüququ da təqdim edir. Ağıllı məişət texnikası uzaqdan idarəetmə, nasazlıqların diaqnostikası və enerji sərfiyyatının optimallaşdırılması kimi üstünlüklər təqdim etsə də, bunun müqabilində istifadəçilər şəxsi məlumatlarının necə toplandığını və istifadə edildiyini bilməlidirlər.
Paylaş
Bənzər xəbərlər