Google ABŞ-dən kənarda ilk rəsmi mağazasını açır
Google ilk dəfə ABŞ-dən kənarda özünün rəsmi flaqman mağazasını açmağa hazırlaşır. Şirkət bildirib ki, yeni "Google Store Omotesando" mağazası bu yay Yaponiyanın paytaxtı Tokio şəhərində fəaliyyətə başlayacaq. Yeni mağazada ziyarətçilər Google Pixel smartfonları, Google Nest ağıllı ev cihazları, Google Fitbit məhsulları və müxtəlif aksessuarlarla yaxından tanış ola və onları satın ala biləcəklər. Bununla yanaşı, istifadəçilər Google-un ən son süni intellekt həllərini canlı şəkildə sınaqdan keçirmək imkanı əldə edəcəklər.
Google-un açıqlamasına görə, mağazada müştərilər üçün xüsusi texniki dəstək xidməti də fəaliyyət göstərəcək. Burada Pixel smartfonlarının təmiri, ilkin quraşdırılması və müxtəlif texniki problemlərin həlli həyata keçiriləcək. Şirkət həmçinin mağazada müxtəlif seminarlar və təlim tədbirləri təşkil etməyi planlaşdırır. Google bildirir ki, Tokioda mağaza açmaq qərarı təsadüfi deyil. Şirkətin ABŞ xaricində ilk beynəlxalq ofisi də məhz Yaponiyada fəaliyyətə başlamışdı.
Paylaş