Logo
    main-post-cover

    Google Android 17-nin ilk beta versiyasını təqdim etdi

    Cihazlar+
    12.02.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google Android 17-nin ilk beta versiyasını rəsmi olaraq yayımlayıb. Yeni versiya performans təkmilləşdirmələri, kamera və media tətbiqləri üçün əlavə imkanlar və ən əsası, developer-lər üçün yenilənmiş buraxılış modeli ilə diqqət çəkir.
        Şirkət artıq ənənəvi developer beta proqramından imtina edərək davamlı Canary kanalı modelinə keçir. Bu yanaşma Chrome brauzerində istifadə olunan sistemə bənzəyir. Yeni modelə əsasən, daxili test mərhələsindən keçmiş API və funksiyalar dərhal developer-lər üçün əlçatan olacaq. Canary kanalı həmçinin OTA (over-the-air) yeniləmələri dəstəkləyir ki, bu da tətbiq testlərini və inkişaf prosesini daha inteqrasiya olunmuş və çevik edir.
         Google bildirir ki, Android 17 üçün platforma sabitliyinə mart ayında nail olunması planlaşdırılır və rəsmi buraxılış 2026-cı ilin ikinci rübündə gözlənilir. Xatırladaq ki, Android 16 ilə birlikdə Google ildə iki mərhələli buraxılış strukturuna keçmişdi. İlin ilk yarısında böyük SDK yeniləməsi, ikinci yarısında isə daha kiçik yeniləmə təqdim olunur. Bu addım cihaz istehsalçılarına yeni versiyaları daha sürətli yaymağa və Android ekosistemində parçalanmanı azaltmağa kömək edir.
         Android 17 böyük ekranlı cihazlarla bağlı da mühüm dəyişiklik gətirir. Artıq developer-lər tətbiqlərdə ekran ölçüsünün dəyişdirilməsinə və ya məcburi orientasiyaya məhdudiyyət qoya bilməyəcəklər. Bu qərar planşet və qatlanan cihazlarda tətbiqlərin fərqli ölçü və orientasiyalarda daha stabil işləməsini təmin etməyə yönəlib.
        Kamera və media sahəsində də yeniliklər var. Android 17 daha axıcı kamera keçidləri üçün yeni API-lər təqdim edir, VVC (H.266) video kodekini dəstəkləyir, tətbiqlər arasında səs səviyyəsinin daha stabil idarə olunmasını təmin edir və fon rejimində audio istifadəsinə daha sərt nəzarət mexanizmləri gətirir.
    Paylaş