Google Android-də səsli axtarışı yenidən dizayn etdi
Technote.az “9to5Google” platformasına istinadən bildirir ki, Google Android üçün Google tətbiqində səsli axtarış funksiyasını əhəmiyyətli dərəcədə yeniləyib və daha müasir interfeys təqdim edib. Yeni dizayn həm vizual baxımdan, həm də istifadə rahatlığı baxımından əvvəlki versiyadan ciddi şəkildə fərqlənir.
Səsli axtarışa əsas ekrandakı vidcetdən, Pixel Launcher üzərindən və ya Google tətbiqi daxilindəki istənilən axtarış sətrindən daxil olmaq mümkündür. İstifadəçinin verdiyi sual adi Google axtarış nəticələri səhifəsində açılır və cavab eyni zamanda səsli şəkildə oxunur. Uzun illərdir istifadə edilən dörd nöqtəli dalğa animasiyası isə artıq tarixə qovuşur.
Yenilənmiş interfeysdə ekranın mərkəzində rəng keçidli “G” loqosu yerləşir. Onun sol tərəfində geri düyməsi, sağ tərəfində isə səsli axtarış ayarlarına aparan üç nöqtəli menyu var. Bu bölmədə dil seçimi, səsli cavabların aktiv edilməsi və Cosmo, Neso, Terra və Cassini adlı səslərdən birinin seçilməsi mümkündür. Qaranlıq rejim də vizual olaraq təkmilləşdirilib.
Ekranda “Listening…” (Dinləyir) bildirişi əvvəlki tanış üz illüstrasiyası ilə birlikdə göstərilir. Alt hissədə isə Google-un AI Mode və Search Live funksiyalarını xatırladan dörd rəngli qövs yerləşir və istifadəçinin dediyi sözlər real vaxtda mətnə çevrilir. Əlavə olaraq, “Search a song” düyməsi daha iri formada təqdim olunur və istifadəçini “Play, Sing, Hum” imkanları olan musiqi axtarış interfeysinə yönləndirir. Əvvəlki qlobus animasiyası tamamilə aradan qaldırılıb. Ekranın yuxarı sağ küncündə isə musiqi axtarış tarixçəsinə sürətli keçid mövcuddur.
Paylaş