Google bütün Pixel istehsalını Çindən çıxarmağa hazırlaşır
Google 2027-ci ildən etibarən Pixel cihazlarının istehsalını tamamilə Çindən çıxarmağı planlaşdırır. Nikkei Asia-nın məlumatına görə, şirkət Pixel smartfonları, ağıllı saatları və qulaqlıqlarının istehsalını əsasən Vyetnam və Hindistana köçürəcək. Google son illərdə Vyetnam və Hindistanda istehsal imkanlarını genişləndirsə də, Pixel cihazlarının böyük hissəsinin istehsalı hələ də Çində həyata keçirilir. Şirkətin təchizatçılarına bildirdiyinə görə, 2027-ci ildən etibarən bu vəziyyət tamamilə dəyişəcək və Pixel məhsullarının heç biri Çində istehsal edilməyəcək.
Google artıq bu istiqamətdə mühüm addım atıb. Şirkətin Pixel 11 seriyasının hazırlanması və istehsalını Vyetnamda həyata keçirəcəyi bildirilir. Bunun üçün Google ölkədə yeni sınaq avadanlıqları və istehsal alətlərinə investisiya yatırıb, eyni zamanda istehsal prosesini sıfırdan quraraq sınaqdan keçirib. Pixel smartfonlarının Vyetnamda uğurla istehsal edilməsi Google-a digər məhsulların da istehsalını ölkəyə köçürə biləcəyinə əminlik yaradıb. Smartfon istehsalı ağıllı saat və qulaqlıq istehsalından daha mürəkkəb proses hesab edildiyi üçün şirkətin Pixel Watch və Pixel Buds kimi cihazları da Çindən çıxarması nisbətən asan ola bilər.
Paylaş