Google IR əsaslı üz tanıma sistemi üzərində işləyir
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google uzun illərdir Pixel telefonlarında üz tanıma funksiyasını təkmilləşdirməyə çalışır. İndi isə şirkətin daxildə “Project Toscana” adlandırılan yeni, inkişaf etmiş üz tanıma sistemi üzərində işlədiyi bildirilir.
Məlumata görə, bu sistem hazırda Pixel telefonları və Chromebook cihazlarında sınaqdan keçirilir. Erkən testlər ABŞ-nin Mountain View şəhərində prototip cihazlar üzərində aparılıb və müxtəlif işıqlandırma şəraitində yoxlanılıb. Mənbələrin iddiasına görə, “Project Toscana” sürət baxımından Apple-ın Face ID texnologiyası ilə eyni səviyyədədir və ən vacibi zəif işıq şəraitində də stabil işləyir. Google daha əvvəl də üz tanıma sahəsində bir neçə dəfə cəhd edib. Məsələn, Google Pixel 4 modeli radar və infraqırmızı (IR) sensorlardan istifadə edirdi. Lakin şirkət sonradan bu yanaşmadan imtina etdi.
Sonrakı nəsil Pixel telefonlarında kamera əsaslı üz tanıma sistemi geri qayıtdı və süni intellekt alqoritmləri ilə təkmilləşdirildi. Google Pixel 8 modelindən etibarən isə üz tanıma ilə ödəniş təsdiqi və təhlükəsiz tətbiqlərə giriş mümkün oldu. Buna baxmayaraq, sistem hələ də qaranlıq mühitdə stabil performans göstərmir. Android Authority-nin əvvəlki məlumatlarına əsasən, Google gələcək Pixel modelləri üçün infraqırmızı əsaslı həllər üzərində işləyir. Bu texnologiyanın ən tez Google Pixel 11 modelində təqdim oluna biləcəyi ehtimal olunur.
Hazırda yeni sistemin ekran üzərində əlavə kəsik (display cutout) tələb edib-etməyəcəyi və ya klassik “hole-punch” kamera dizaynının qorunacağı məlum deyil.
Paylaş