Google NotebookLM-ə yeni Data Tables funksiyasını əlavə etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google NotebookLM adlı süni intellekt əsaslı tədqiqat platformasına Data Tables adlı yeni funksiyanı əlavə edib. Bu funksiya istifadəçilərə müxtəlif mənbələrdən toplanan məlumatları avtomatik şəkildə cədvəl formasında birləşdirməyə və nəticəni Google Sheets-ə ixrac etməyə imkan verir.
Yeni alət eyni mövzu üzrə dağınıq qeydlərin sistemləşdirilməsi, qiymət müqayisə cədvəllərinin hazırlanması və bir neçə tədqiqat layihəsindən əldə olunan nəticələrin ümumiləşdirilməsi üçün nəzərdə tutulub. İstifadəçilər istədikləri cədvəlin strukturunu və sütunlarını təbii dildə yazılmış sorğular vasitəsilə müəyyən edə bilirlər. Google-un paylaşdığı nümunə interfeysə əsasən, NotebookLM istifadəçinin verdiyi mətn tapşırıqlarına uyğun olaraq məlumatları analiz edir və uyğun formatda cədvəl yaradır. Bu da tədqiqat prosesini daha sürətli və vizual baxımdan daha anlaşılan edir.
Data Tables funksiyası artıq NotebookLM-in Pro və Ultra paketlərinə sahib olan istifadəçilər üçün aktivdir. Google bildirib ki, bu yenilik yaxın həftələrdə mərhələli şəkildə bütün istifadəçilər üçün əlçatan olacaq.
Paylaş