Google Pixel 10a nümayiş olundu
Technote.az "Mashable” platformasına istinadən bildirir ki, Google əvvəlcədən heç bir anons etmədən YouTube üzərindən Pixel 10a modelini qısa video ilə nümayiş etdirib. Video olduqca sadədir və telefonun açıq mavi rəngli versiyasını bir neçə bucaqdan göstərir. Təqdimatda yeni funksiyalar, proqram təminatı və ya texniki xüsusiyyətlər açıqlanmır. Bu da təəccüblü deyil, çünki Pixel “a” seriyası adətən əsas flaqman modelin daha sərfəli versiyası olur.
Videodan görünən əsas və diqqətçəkən dəyişiklik dizaynla bağlıdır. Pixel 10a-da arxa kamera bloku artıq korpusdan çıxıntılı deyil və tamamilə gövdə ilə eyni səviyyədə yerləşir. Bu, ötən il təqdim olunan Pixel 9a-dan fərqli bir yanaşmadır. Pixel 9a-da klassik üfüqi kamera zolağı ləğv edilsə də, kamera linzası yan tərəfdən baxdıqda az da olsa çıxıntı yaradırdı.
Hazırkı qısa video telefonun texniki göstəriciləri, kamera imkanları və ya performansı haqqında hər hansı əlavə məlumat vermir. Pixel 10a ilə bağlı bütün detalları bu ayın sonuna doğru Google-ın rəsmi açıqlamaları ilə öyrənmək mümkün olacaq.
Paylaş