Google Pixel 11 seriyası bahalaşa bilər
Google-un avqust ayında təqdim edəcəyi yeni Pixel 11 seriyası və Pixel Watch 5 ağıllı saatı əvvəlki nəsillə müqayisədə daha yüksək qiymətlə satışa çıxarıla bilər. Bu barədə Dealabs tərəfindən yayımlanan yeni məlumatlarda bildirilir. Sızan məlumata əsasən, 41 mm Pixel Watch 5 modelinin Wi-Fi versiyası 399 dollar, LTE versiyası isə 499 dollar qiymətinə təqdim oluna bilər. Bu isə ötən il satışa çıxarılan Pixel Watch 4 ilə müqayisədə hər iki versiyada 50 dollarlıq qiymət artımı deməkdir.
Bundan əlavə, 45 mm Pixel Watch 5 modelinin Wi-Fi versiyasının 429 dollar, LTE variantının isə 529 dollar qiymət etiketi ilə satışa çıxacağı iddia edilir. Bu modeldə isə qiymət artımının təxminən 30 dollar olacağı bildirilir. Pixel 11 smartfonları ilə bağlı məlumatlar da diqqət çəkir. İddiaya görə, Google bu il əsas modeldə 128 GB yaddaş variantını ləğv edə bilər. Nəticədə Pixel 11 Avropada birbaşa 256 GB yaddaşla satışa çıxacaq və başlanğıc qiyməti 999 avro olacaq. Müqayisə üçün qeyd edək ki, Pixel 10 modeli ötən il 128 GB yaddaşla 899 avrodan satışa çıxmışdı.
Eyni zamanda, Pixel 11 Pro modelinin başlanğıc qiymətinin 1 199 avro, Pixel 11 Pro XL modelinin 1 399 avro, Pixel 11 Pro Fold qatlanan modelinin isə 1 999 avro olacağı gözlənilir. Məlumata görə, xüsusilə Pro XL və Pro Fold modellərində qiymətlər əvvəlki nəsillə müqayisədə 100 avro artacaq. Maraqlıdır ki, qiymət artımına baxmayaraq, 256 GB yaddaşlı versiyaların qiymətinin dəyişməyəcəyi iddia olunur. Başqa sözlə, Google daha ucuz yaddaş variantını ləğv etməklə başlanğıc qiymətini yüksəldə bilər. Qiymət artımının əsas səbəblərindən biri kimi isə süni intellekt texnologiyalarına artan tələbat fonunda dünyada yaranan yaddaş və saxlama komponentləri çatışmazlığı göstərilir. Daha əvvəl yayılan başqa bir iddiada da Pixel 11-in bu səbəbdən 12 GB əvəzinə 8 GB RAM ilə təqdim oluna biləcəyi bildirilmişdi.
Paylaş
