Logo
    main-post-cover

    Google Pixel 9a-nın prototipinin real fotoları ortaya çıxıb

    Cihazlar+
    06.12.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti orta büdcəli Pixel 9a smartfonunu düşünüldüyündən daha tez təqdim edə bilər. Şirkət adətən Pixel a seriyasının smartfonlarını may ayında keçirilən Google I/O tədbiri çərçivəsində təqdim edir. Lakin bu dəfə şirkətin orta büdcəli smartfonu artıq mart ayında təqdim oluna bilər. Lakin bu hələ dəqiq deyil. Bununla belə sözügedən smartfonun prototipinin real fotoları internetdə ortaya çıxıb.
            Ortaya çıxmış fotolardan belə qənaətə gəlmək olar ki, Google öz orta büdcəli smartfonlarında dizayn dəyişikliyinə hədəflənib. Fotolardan da görmək olar ki, Pixel 9a-nın prototipi yastı kənar hissələrə, ön və arxa paneldən şüşə örtüyə sahibdir. Daha əvvəlki Pixel a smartfonlarında olan üfüqi kamera sahəsi dizaynı isə prototipdə yoxdur. Onu oval formalı kiçik kamera sahəsi əvəz edir. Həmin kamera sahəsi Nothing Phone (2a)-nın kamera sahəsini xatırladır. Son məlumat sızıntılarına əsasən Pixel 9a smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.3 düym ölçülü ekranla təchiz olunacaq və Tensor G4 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş