Google Tensor G6-nı təqdim etdi
Google yeni Pixel 11 seriyasını Tensor G6 prosessoru və Titan M3 təhlükəsizlik çipi ilə təchiz edib. Şirkətin açıqlamasına görə, yeni nəsil smartfonlar həm performans və enerji səmərəliliyində irəliləyiş əldə edib, həm də gələcəkdə kvant kompüterlərinin yarada biləcəyi təhlükələrə qarşı indidən hazırlanıb. Pixel 11 ailəsindəki ən diqqətçəkən yeniliklərdən biri Titan M3 təhlükəsizlik çipidir. Bu çip ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun, NIST-in müəyyən etdiyi post-kvant kriptoqrafiya standartlarını dəstəkləyir. Google bildirir ki, Pixel 11 bu standartlara uyğun hazırlanan ilk Google smartfonudur.
Post-kvant təhlükəsizliyinin əsas məqsədi gələcəkdə güclü kvant kompüterlərinin hazırkı şifrələmə sistemlərini sındıra bilməsi riskinə qarşı məlumatları qorumaqdır. Hazırda mövcud kvant kompüterləri müasir şifrələməni sındıra biləcək səviyyədə deyil. Lakin kibertəhlükəsizlik sahəsində “indi topla, sonra deşifrə et” adlandırılan risk mövcuddur: hücumçular bu gün şifrələnmiş məlumatları oğurlayıb gələcəkdə daha güclü kvant kompüterləri yarandıqdan sonra onları açmağa cəhd edə bilərlər. Titan M3 həmçinin smartfonun təhlükəsiz şəkildə işə salınmasını təmin edən quantum-safe secure boot sistemini və Google-ın etibarlı icra mühiti olan Trusty platformasını idarə edir. Şirkətin məlumatına görə, çip SIM və bank kartlarında istifadə olunan səviyyəyə uyğun Common Criteria təhlükəsizlik sertifikatına da sahibdir.
Əsas prosessor olan Tensor G6 isə əvvəlki Tensor G5 ilə müqayisədə brauzerdə işləmə sürətini 25 %, tətbiqlərin açılma sürətini 15 %-ə qədər artırır. Google həmçinin enerji səmərəliliyinin 20 %-ə qədər yaxşılaşdırıldığını bildirir. Bu, əvvəlki Tensor prosessorlarının ən çox tənqid olunan tərəflərindən biri olan yüksək enerji sərfiyyatını azaltmağa yönəlib. Tensor G6 daxilindəki süni intellekt üçün nəzərdə tutulmuş TPU-nun hesablama gücü 50 % artırılıb və yaddaş ötürmə qabiliyyəti yüksəldilib. Bunun nəticəsində cihaz daxilində işləyən Gemini Nano arxa plandakı bəzi tapşırıqları 3,5 dəfə daha sürətli yerinə yetirə və 3,5 dəfə daha az enerji sərf edə bilir. Yeni çip Pixel 11 Pro modellərində 120x Pro Zoom, 4K portret videosu və əvvəlkindən 4,5 dəfəyə qədər daha sürətli çəkiliş edə bilən Instant Night Sight kimi kamera imkanlarının işləməsinə də kömək edir.
Paylaş
