Google Wallet-ə rəqəmsal ID funksiyası gəlir
Google bu yaydan etibarən bəzi Avropa İttifaqı ölkələrində rəqəmsal şəxsiyyət vəsiqələrinin Google Wallet tətbiqinə əlavə olunacağını açıqlayıb. Şirkət həmçinin Sparkasse Bank ilə əməkdaşlıq çərçivəsində yeni yaş təsdiqləmə sistemini istifadəyə verəcəyini bildirib.
Hazırda Google hansı Aİ ölkələrinin bu funksiyadan yararlana biləcəyini açıqlamayıb. Lakin sistemin Böyük Britaniya və ABŞ-də tətbiq edilən rəqəmsal pasport inteqrasiyasına bənzər şəkildə işləyəcəyi gözlənilir. İstifadəçilər şəxsiyyət vəsiqəsini tətbiqə əlavə etmək üçün video-selfi çəkməli, dövlət tərəfindən verilmiş sənədi skan etməli və Google-un bu məlumatları müqayisə etməsinə icazə verməlidirlər.
Google 2025-ci ilin əvvəlindən etibarən Böyük Britaniyanın Online Safety Act qanununa və digər ölkələrdə qəbul edilən yaş təsdiqləmə qaydalarına uyğun olaraq bu texnologiyanı inkişaf etdirir. Şirkət 2025-ci ilin aprel ayında Google Wallet-ə Zero Knowledge Proof texnologiyasını inteqrasiya edib. Bu texnologiya istifadəçilərə yaşlarını təsdiqləməyə imkan verir, lakin ad, ünvan və doğum tarixi kimi şəxsi məlumatların paylaşılmasını tələb etmir.
Sparkasse Bank müştəriləri də bu imkanlardan yararlana biləcəklər. Onlar Google Wallet vasitəsilə yaşlarını təsdiqləyə biləcək, lakin əlavə şəxsi məlumatlarını üçüncü tərəflərlə bölüşməyəcəklər.
Bununla yanaşı, Google Avropa İttifaqında Google Pay ilə ödəniş prosesini də sadələşdirir. İndi Google Pay Direct Checkout-u dəstəkləyən onlayn mağazalarda istifadəçilər Google Wallet-də saxladıqları ödəniş üsullarından birini seçərək ödənişi tamamlaya biləcəklər. Şirkət həmçinin Secure Payment Authentication sistemini yeniləyib. Yenilik sayəsində Aİ istifadəçiləri bəzi Avropa saytlarında birdəfəlik kod və ya əlavə identifikasiya mərhələsinə ehtiyac olmadan yalnız biometrik təsdiqlə ödəniş edə biləcəklər.
Paylaş