Logo
    main-post-cover

    Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır

    Cihazlar+
    23.06.2025
    Emil
         Honor şirkəti böyük həcmli batareyaya sahib Power adlı smartfon seriyasını inkişaf etdirməyə davam edir. Aprel ayında şirkət 8000 mAh enerji tutumlu batareyaya sahib Honor Power smartfonunu təqdim etdi. İndi isə Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında 8200 mAh enerji tutumlu batareyaya sahib olacaq cihaz ortaya çıxıb. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən söhbət, yeni orta büdcəli smartfondan gedir. İnsayder smartfonun adını qeyd etməsə də, çox güman ki, söhbət, məhz Honor Power modelinin davamçısından gedir.
         Honor Power modelinin davamçısının hansı gücdə sürətli şarj texnologiyasını əldə edəcəyi məlum deyil. Lakin güman edilir ki, bu, 80 vatt gücündə sürətli şarj texnologiyası ola bilər. Qeyd etmək lazımdır ki, aprel ayında təqdim olunmuş Honor Power modeli 25 saat ərzində fasiləsiz video izləməni təmin edə bilir. Burdan da belə qənaətə gəlmək olar ki, onun davamçısı bir qədər daha uzun müddət ərzində çalışa biləcək. Smartfon batareyasının 3C sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxması smartfonun yaxın gələcəkdə təqdimatına işarə edir.
    Paylaş