İddia: Honor 1 həftəyədək işləyən 15 000 mAh-lıq telefonu sınaqdan keçirir
“Honor” şirkətinin 14 000 - 15 000 mAh batareyası olan smartfonu sınaqdan keçirdiyi deyilir. “Digital Chat Station” ləqəbli insayderə görə, batareyanın sınaq istehsalına artıq başlanıb. Adı hələ açıqlanmayan modelin bir dolumla 1 həftəyədək işləyəcəyi və gələn il təqdim olunacağı gözlənilir.
Layihə barədə ilk məlumat iyunda yayılmışdı. Həmin vaxt batareyanın hazırlanma mərhələsində olduğu deyilirdi. Sınaq istehsalının başlaması işlərin irəlilədiyini göstərsə də, “Honor” hələ rəsmi açıqlama verməyib. Söhbət nisbətən kiçik ölçüdə daha çox enerji saxlaya bilən batareyadan gedir. İddiaya görə, böyük tutuma baxmayaraq telefon həddən artıq ağır və qalın olmayacaq.
Batareyanın əsas üstünlüyü bir dolumla 1 həftəyədək işləməsi ola bilər. Bunun üçün “MagicOS” sisteminin enerji sərfiyyatını düzgün idarə etməsi də vacibdir. 15 000 mAh tutum “Samsung Galaxy S26 Ultra” batareyasından təxminən 3 dəfə böyükdür. Belə telefon elektrik şəbəkəsindən uzun müddət uzaqda qalanlar və cihazdan çox istifadə edənlər üçün maraqlı ola bilər.
Yeni batareyanın hansı modelə qoyulacağı bilinmir. Ehtimal olunan variantlar “Honor Power3” və “Honor Win RT3” modelləridir. Şirkətin bu sahədə artıq təcrübəsi var. Bu yaxınlarda göstərilən “Honor Win RT2” və “Honor Win Turbo2” smartfonlarının hər birində 12 070 mAh batareya var. Bazardakı əsas smartfonların çoxunda batareya tutumu hələ 6 000 mAh-dan aşağıdır.
Belə böyük batareya telefonun soyudulmasını çətinləşdirə və bəzi texniki göstəricilərin zəifləməsinə səbəb ola bilər. Smartfonun dünya bazarına çıxıb-çıxmayacağı da bilinmir. Layihə satış mərhələsinə çatsa, cihaz əvvəlcə yalnız Çində satıla bilər. “Honor” böyük batareyanı həddən artıq qalın korpusa ehtiyac qalmadan yerləşdirə bilsə, digər istehsalçılar da oxşar modellər hazırlaya bilərlər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar