Infinix 196 dollarlıq Xpad 30 Pro planşetini təqdim etdi
“Infinix” qlobal bazarda yeni “Xpad 30 Pro” planşetini təqdim edib. Model 11 düymlük ekran, 8200 mAs batareya və “MediaTek Helio G200 Ultimate” prosessorla gəlir. 4G mobil internetə qoşula bilən planşet 8 GB RAM, 256 GB daxili yaddaş və qutuya daxil olan 2 əlavə aksesuarla təklif olunur.
“Xpad 30 Pro” 2,5K təsvir ölçülü LCD ekrana sahibdir. Ekranın yenilənmə tezliyi 90 Hz-dir. Bu göstərici menyuda keçidləri və animasiyaları daha axıcı göstərir. Maksimal parlaqlıq 550 nit təşkil edir. 11 düymlük ekran video izləmək, sənədlərlə işləmək və gündəlik istifadə üçün geniş görüntü sahəsi yaradır.
Planşetin daxilində 8 nüvəli “Helio G200 Ultimate” prosessor yerləşir. Konfiqurasiyadan asılı olaraq RAM həcmi 8 GB, UFS 2.2 formatlı daxili yaddaş isə 256 GB-a çata bilir. Daha çox yaddaşa ehtiyac olduqda microSD kartı taxmaq mümkündür. Kart yuvası yaddaş həcmini 2 TB-dək artırmağa imkan verir.
“Xpad 30 Pro”nun 8200 mAs tutumlu batareyası 18 Vt naqilli şarjı dəstəkləyir. Cihaz “Android 16” əsasında hazırlanmış “XOS 16.3” interfeysi ilə işləyir. Arxa paneldə 8 MP kamera var. Ön tərəfdəki 8 MP kamera isə selfi və videozənglər üçün nəzərdə tutulub.
Bağlantı seçimlərinə GPS, Wi-Fi, Bluetooth 5.3 və USB-C daxildir. Planşetin qalınlığı 6,6 mm, çəkisi isə 476 qramdır. “Infinix Xpad 30 Pro” modelinin başlanğıc qiyməti 196 dollar (təxminən 330 manat) təşkil edir. Qutuya “X Pencil 20” stilusu və “X KeyBoard 11” klaviaturası daxildir. Model “Anthracite Grey”, “Titanium Silver” və “Twilight Purple” rənglərində satışa çıxarılacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar