Logo
    main-post-cover

    Lenogo Legion Go portativ oyun konsolunun sadələşdirilmiş versiyası hazırlanır

    Cihazlar+
    29.05.2024
    Emil
         Lenovo şirkəti keçən ilin sentyabr ayında özünün Legion brendi altında portativ oyun konsolunu təqdim etmişdi. Söhbət, Lenovo Legion Go-dan gedir. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət onun daha sadələşdirilmiş versiyasını hazırlayır. Məlumatda qeyd edilib ki, sadələşdirilmiş versiya Lenovo Legion Go Lite adlanacaq və o, büdcəsi məhdud olan istifadəçilər üçün nəzərdə tutulacaq. Lenovo-nun bu yeni portativ oyun konsolu adi Legion Go ilə müqayisədə daha kiçik ölçülü ekranı əldə etməlidir. Bu isə öz növbəsində cihazın çəkisini aşağı salmağa və onu daha kompakt dizaynda hazırlamağa imkan verəcək.
         Bundan əlavə olaraq Lite versiya çıxarıla bilən idarəetmə hissələrdən məhrum olacaq. Bu isə Lite versiyanın istehsal xərclərini aşağı salmağa imkan verəcək. İnsayderlərin sözlərinə əsasən Legion Go Lite konsolu AMD şirkətinin Z1 adlı seriyasına daxil olan prosessorlardan birini əldə edəcək. Məlumata əsasən Lenovo şirkəti sözügedən yeni portativ oyun konsolunu satışa çıxartmaqla portativ oyun konsolları bazarındakı mövqeyini genişləndirməyə hədəflənib. Lenovo Legion Go Lite adlı büdcəli portativ oyun konsolunun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Paylaş