
Meta jestlərlə kompüteri idarə etməyə imkan verəcək qolbaq üzərində çalışır
Meta Platforms şirkətindən olan tədqiqatçılar kompüterə jestlər vasitəsilə nəzarət etməyə imkan verəcək qolbaq üzərində çalışırlar. Bu cihaz vasitəsilə siçan kursorunu hərəkət etdirmək, tətbiqləri işə salmaq və havada sanki karandaşla yazılmış mesajları göndərmək mümkün olacaq. Meta-nın qolbağı səthi elektromioqrafiya (sEMG) texnologiyasından istifadə edir. Bu texnologiya istifadəçinin hərəkətlərini şərh etmək üçün əzələ aktivliyi nəticəsində yaranan elektrik siqnallarını tanıyır. Bu siqnallar cihazın insanın hərəkət etməsindən əvvəl belə onun nə edəcəyini müəyyənləşdirməsinə imkan verir. Qolbaq əsasən hərəkət imkanları məhdud olan insanlar üçün kompüterlə rahat ünsiyyət qurmağa imkan verən bir vasitə kimi hazırlanır.

Şirkət Karnegi Mellon Universiteti ilə əməkdaşlıq edərək qolbağın onurğa beyni zədələnmiş insanlar üzərində testlərini həyata keçirir. Bu sayədə həmin şəxslər kompüterlərlə ünsiyyət qurmaq imkanı əldə edirlər. Tədqiqatçıların məlumatına görə, hətta qolları tam iflic olmuş insanlarda belə müəyyən əzələ aktivliyi müşahidə olunur. Məhz bu aktivlik sayəsində qolbaq onların etmək istədikləri hərəkətləri şərh edə bilir. Bu qolbaq Neuralink kimi ağır iflic halları üçün nəzərdə tutulmuş beyin implantlarına nisbətən daha sadə alternativdir. Neuralink çipi insan beyninə cərrahi yolla yerləşdirildiyi halda, Meta-nın qolbağından istifadə üçün heç bir əməliyyata ehtiyac yoxdur. Cihazın nə zaman geniş istifadəyə veriləcəyi hələ ki məlum deyil.
Paylaş