Meta-nın yeni qarışıq reallıq başlığının ilk görüntüləri yayılıb
“Meta”nın “Project Phoenix” kod adlı qarışıq reallıq cihazının ilk görüntüləri üzə çıxıb. Şəkillər “Meta Quest” cihazları üçün çıxan “Horizon OS” proqramının son versiyasında, dəstək bölməsində tapılıb. Burada görmə dərəcəsinə uyğun linzaların cihaza necə taxıldığı göstərilir. Cihazın rəsmi təqdimatının 2027-ci ildə baş tutacağı gözlənilir, amma dəqiq tarix hələ bilinmir.
“Project Phoenix” adi qarışıq reallıq başlığından daha çox nazik ağıllı eynəyə bənzəyir. Ancaq ön hissədə şəffaf linzələr əvəzinə ətrafı göstərən kameralar var. Buna görə cihaz texniki baxımdan eynək deyil, başlıq sayılır. Qarışıq reallıq texnologiyası kameraların çəkdiyi real görüntünün üzərinə rəqəmsal obyektlər əlavə edir.
Dəstək səhifələrində reseptli linzaların cihazın içinə necə taxıldığı göstərilir. Quraşdırma zamanı QR kodun skan olunması da izah edilir. Şəkillərdə cihazdan aşağı uzanan kabel görünür. Bu detal batareyanın və ehtimal ki, hesablamaları aparan hissənin ayrıca qoşulan blokda olacağı barədə əvvəlki məlumatları gücləndirir. İstifadəçinin həmin xarici bloku necə daşıyacağı hələ bilinmir.
Batareyanın əsas korpusdan kənarda olması “Project Phoenix”in daha nazik və yüngül hazırlanmasına kömək edir. Çünki batareya cihazın içində xeyli yer tutur və çəkisini artırır. Oxşar yanaşma “Apple Vision Pro”da da işlədilir. “Meta”nın 23 sentyabrda başlayacaq “Meta Connect” tədbirində müxtəlif məhsullarla bağlı yenilikləri açıqlayacağı gözlənilir. Yeni qarışıq reallıq cihazı barədə əlavə məlumat verilib-verilməyəcəyi isə hələ dəqiq deyil.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...