Motorola 200 MP telefoto kameralı Signature 27 smartfonunu təqdim etdi
“Motorola” “Snapdragon Summit” tədbirində yeni “Signature 27” smartfonunu göstərib. Flaqman “Qualcomm” şirkətinin “Snapdragon 8 Elite Extreme Gen 6” mobil prosessorunu işlədən ilk modellərdən biridir. Telefon əvvəlki “Signature” modelinin yenilənmiş versiyasıdır. “Motorola” onu indiyədək hazırladığı ən qabaqcıl smartfon adlandırır. Dəqiq satış tarixi açıqlanmasa da, cihazın 2026-cı ilin sonunadək qlobal bazara çıxacağı gözlənilir.
Şirkətin məlumatına görə, yeni prosessor süni intellekt funksiyalarını gücləndirəcək, oyunların daha axıcı işləməsinə və yükləmələrin sürətlənməsinə kömək edəcək. Kamera çəkilişlərinin də yaxşılaşacağı deyilir. Telefonun qızmasının qarşısını almaq üçün “ArcticMesh” adlı yeni soyutma sistemi hazırlanıb. Sistem 40% daha böyük buxar kamerasını maye metal, mis tor və almaz hissəcikli termal gel ilə birləşdirərək istiliyi yayır.
“Signature 27” modelinin arxasında 4 kamera var. Əsas kamera əvvəlki modeldəki kimi 50 MP-lik “Sony LYTIA 910” sensorudur. Ən böyük dəyişiklik uzaqdakı obyektləri yaxınlaşdıraraq çəkən telefoto kameradadır. Onun təsvir ölçüsü 50 MP-dən 200 MP-yə yüksəlib və bu, daha detallı çəkilişlər üçün hazırlanıb. Digər 2 kameranın xüsusiyyətləri hələ açıqlanmayıb.
Səs sistemi də “Signature 27” modelinin əsas fərqlərindən biri olacaq. Telefonda “Bang & Olufsen” dinamikləri qoyulacaq, səs ayarlarını da şirkətin akustika mühəndisləri hazırlayacaq. “Motorola” və “Bang & Olufsen” çoxillik qlobal əməkdaşlıq imzalayıb. Tərəflər gələcək premium cihazlarda səs rejimlərini, audio texnologiyalarını və əlaqəli funksiyaları genişləndirməyi planlaşdırır.
Smartfon Android 17 ilə işləyəcək və 7 il ərzində əməliyyat sistemi ilə təhlükəsizlik yeniləmələri alacaq. Telefonda “Gemini” ilə bağlı süni intellekt alətləri də olacaq. Bunlara video hazırlayan “Omni” və musiqi yaradan “Lyria” xidmətləri daxildir. Bütün funksiyaların telefon satışa çıxan kimi açılıb-açılmayacağı hələ məlum deyil.
“Signature 27” “Coal Smoke” və “Capulet Green” rənglərində satılacaq. “Coal Smoke” variantında “Tactical Weave” səthi olacaq. “Capulet Green” versiyası tekstildən ilhamlanan fırçalanmış səthlə hazırlanacaq. Ekranın göstəriciləri və telefonun qiyməti hələ açıqlanmayıb. Əvvəlki “Signature” versiyası yaddaş seçimindən asılı olaraq 800 - 1200 dollara, yəni təxminən 1360 - 2040 manata satılır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...