
Motorola Edge 40 və Edge 40 Pro smartfonlarının bütün texniki özəllikləri sızdırılıb
İnternetdə Motorola Edge 40 və Edge 40 Pro smartfonlarının bütün texniki özəllikləri ortaya çıxıb. Sözügedən smartfonlar yaxın zamanda qlobal bazarda satışa çıxmalıdırlar. İlk öncə Motorola Edge 40 Pro-dan başlayaq. Beləliklə sızdırılmış məlumata əsasən Motorola Edge 40 Pro modeli 165 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym pOLED ekran ilə təchiz olunacaq. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 256 GB daxili yaddaşı birləşdirəcək. Kameralara gəldikdə isə smartfonun 50 MP + 12 MP ikili arxa kameraya və 60 MP-lik ön kameraya sahib olacağı gözlənilir.
Bundan əlavə olaraq Motorola Edge 40 Pro modelinin gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və özündə 125 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, bu texniki özəlliklər Çin bazarında satışa çıxmış Moto X40 smartfonunun texniki özəlliklərini xatırladır. Burdan da belə qənaətə gəlmək olar ki, Motorola Edge 40 Pro modeli Moto X40-ın qlobal versiyası olacaq. Adi Motorola Edge 40 smartfonuna gəldikdə isə məlumata əsasən o, 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.55 düym pOLED ekran ilə təchiz olunacaq.
Bununla yanaşı ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Motorola Edge 40 modeli MediaTek Dimensity 8020 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar baxımından smartfonun 50 MP + 13 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahib olacağı gözlənilir. Motorola Edge 40-ın da gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Batareya mövzusuna gəldikdə isə smartfon 68 vatt gücündə sürətli şarj texnologiyalı 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Motorola Edge 40 smartfonlarının nə zaman təqdim olunacaqları və nə zaman satışa çıxacaqları barəsində dəqiq bir məlumat hələ yoxdur.
Paylaş
Bənzər xəbərlər