Logo
    Nvidia RTX 5090 qrafik kartı üçün ərimə riskini azaldan dəst hazırlanıb

    Nvidia RTX 5090 qrafik kartı üçün ərimə riskini azaldan dəst hazırlanıb

    Cihazlar+
    17.10.2026
        “Nvidia” şirkətinin “GeForce RTX 5090” qrafik kartındakı 16 pinli enerji girişinin qızma və ərimə riskini azaltmaq üçün xüsusi çevirmə dəsti hazırlanıb. “Reddit”də “DallasGrave” adı ilə tanınan istifadəçinin hazırladığı həll 12VHPWR və yenilənmiş 12V-2x6 girişini 4 ədəd 8 pinli PCIe konnektoru ilə əvəz edir. Beləliklə, elektrik yükü daha çox bağlantı arasında bölünür. Kartın “Amazon”dakı qiyməti hazırda 8500 dollara (təxminən 14450 manat) çatır.
        Dəst adi adapter kimi kabelə qoşulmur, birbaşa qrafik kartının üzərinə yerləşdirilir. Xüsusi kabel kartın enerji xətlərinə lehimlənir və standart 16 pinli girişdən yan keçilir. Hər 8 pinli PCIe konnektoru 150 Vt-a qədər enerji ötürür. Bütün girişlərin ümumi gücü 600 Vt-dır və bu, 16 pinli konnektorun maksimum həddinə bərabərdir.
        Standart 16 pinli konnektor 50 A cərəyanı sıx yerləşdirilmiş 6 enerji pini üzərindən keçirir. “PCI-SIG” standartına görə hər pin üçün yuxarı hədd 9,5 A-dır. Nəzəri ümumi hədd 57 A və ya 684 Vt edir. Kart 600 Vt gücdə işləyəndə hər pinə təxminən 8,33 A düşür. Yeni dəstdə 12 pin olduğuna görə 50 A yükün hər pinə düşən hissəsi 4,17 A-a enir. Bu da qızma və zədələnmə riskini azaldır.
        Çevirmə dəsti sistemə tam 600 Vt gücün əlçatan olduğunu göstərən siqnal göndərir. Müəllif qurğunu güc həddini dəyişən şunt modifikasiyası ilə 800 Vt-da sınaqdan keçirdiyini deyir. Dəst əsas enerji mənbəyi kimi işləyə, yaxud kartın öz 16 pinli girişi ilə paralel qoşula bilər. 8 pinli konnektorlarda da risk tam aradan qalxmır, ancaq onların əriməsi ilə daha az rastlaşılır.
        “DallasGrave” hazırda dəstin görünüşünü yaxşılaşdırmaq üçün xüsusi arxa lövhə də hazırlayır. Həll təkcə “GeForce RTX 5090” və müəyyən istehsalçıların kartları ilə məhdudlaşmır. Müəllif bazardakı demək olar bütün versiyalar, o cümlədən “Nvidia Founders Edition” üçün uyğun modelləri istehsala hazırladığını deyir. Satış tarixi, qiymət və quraşdırma qaydası hələ açıqlanmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...