OnePlus ABŞ və Avropa bazarından rəsmi olaraq çıxır
OnePlus ABŞ və Avropa bazarlarında yeni smartfon təqdim etməyi dayandıracağını rəsmi şəkildə açıqlayıb. Şirkət bu qərarı Oppo ilə birlikdə həyata keçirilən yeni strateji dəyişikliklərin bir hissəsi kimi təqdim edib. Qərardan sonra OnePlus artıq Avropa və Şimali Amerika üçün yeni cihazlar satışa çıxarmayacaq. Şirkət gələcəkdə hansı bazarlarda fəaliyyətini davam etdirəcəyini isə açıqlamayıb.
Bu dəyişiklik çərçivəsində OnePlus-un texnologiyaları, məhsul yanaşması və mühəndislik imkanları Oppo-nun fəaliyyətinə inteqrasiya ediləcək. Qeyd edək ki, OnePlus-un həmtəsisçisi Pit Lau bir müddət əvvəl Oppo-ya qayıdaraq şirkətin məhsullar üzrə baş direktoru vəzifəsini icra etməyə başlayıb. Mövcud OnePlus istifadəçiləri üçün isə xidmətlər davam edəcək. Şirkət bildirib ki, zəmanət, texniki dəstək, servis xidmətləri və proqram yeniləmələri əvvəlki qaydada təqdim olunacaq.
Ən böyük dəyişikliklərdən biri isə proqram təminatı ilə bağlıdır. Oppo yaxın aylarda Avropa və Şimali Amerikadakı OnePlus telefonlarında OxygenOS əməliyyat sistemini mərhələli şəkildə ColorOS ilə əvəz edəcək.
Paylaş