Logo
    main-post-cover

    OpenAI, Google və 100-dən çox şirkət kibertəhlükəsizlik üçün birgə fəaliyyətə çağırıb

    Cihazlar+
    28.08.2026
        Süni intellektin kibertəhlükələrdə istifadəsinin artması texnologiya nəhənglərini bir araya gətirib. OpenAI, Google, Microsoft, Anthropic və digər böyük şirkətlər süni intellekt dövründə kibermüdafiənin gücləndirilməsinə çağıran açıq məktub yayımlayıblar. “A call for collective action on cyber defense” (“Kibermüdafiə üzrə kollektiv fəaliyyətə çağırış”) adlı məktubu süni intellekt, texnologiya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət dəstəkləyib. İmzaçılar arasında OpenAI, Google, Anthropic, Amazon Web Services (AWS), Microsoft, Cisco, Cloudflare, CrowdStrike, Hugging Face, Oracle və Perplexity kimi şirkətlər var.
        Məktubda bildirilir ki, süni intellekt modellərinin imkanları artdıqca yaxın aylarda AI dəstəkli kiberhücumların həm sayı, həm də mürəkkəbliyi əhəmiyyətli dərəcədə arta bilər. Şirkətlər hesab edirlər ki, mövcud kibertəhlükəsizlik üsulları gələcək təhdidlərin qarşısını almaq üçün kifayət etməyə bilər. Açıq məktub üç əsas prinsip üzərində qurulub: mövcud təhlükəsizlik yanaşmalarının kifayət etmədiyini qəbul etmək, kibermüdafiə mütəxəssislərinə süni intellekt əsaslı alətlər təqdim etmək və kibertəhlükələrə qarşı kollektiv şəkildə mübarizə aparmaq.
        Şirkətlər hökumətləri, təşkilatları, texnologiya və kibertəhlükəsizlik sektorunu da bu istiqamətdə daha fəal əməkdaşlığa çağırırlar. Xüsusilə qabaqcıl AI modellərini hazırlayan şirkətlərə sistemlərin fəaliyyətini izləməyə imkan verən təhlükəsizlik alətləri yaratmaq, AI agentlərinin kimliyini izlənilə bilən və hesabatlı etmək, həmçinin davamlı monitorinq üzrə ən yaxşı təcrübələri paylaşmaq tövsiyə olunur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...