
Orta büdcəli OnePlus Nord 3 smartfonu təqdim edilib - QİYMƏTİ
Uzun müddət ərzində olmuş məlumat sızıntılarından sonra OnePlus şirkəti OnePlus Nord 3-ü təqdim edib. Orta büdcəli bu smartfon öz böyük ekranı, orta səviyyəli prosessoru və böyük həcmli batareyası ilə fərqlənir. Beləliklə OnePlus Nord 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2772х1240 piksel keyfiyyətli 6.74 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1100 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. OnePlus Nord 3 özündə həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
Əsas texniki göstəricilər baxımından smartfon MediaTek Dimensity 9000 prosessoru, 8/16 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Nord 3 Android 13 vasitəsilə çalışır. Şirkət bildirib ki, sözügedən smartfon 3 əməliyyat sistemi yenilənməsini əldə edəcək. Smartfonun Avropada satışlarına 12 iyulda start veriləcək. 8 GB RAM-a və 128 GB yaddaşa sahib model 450 avroya, 16 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 550 avroya satılacaq.
Paylaş
Bənzər xəbərlər