Ray-Ban Meta Gen 2 ağıllı eynəyi təqdim olunub - QİYMƏTİ
Meta ikinci nəsil Ray-Ban ağıllı eynəyini təqdim edib. Cihazın avtonom iş vaxtı 2 dəfə artırılıb və 3K keyfiyyətində video çəkmə dəstəyi əlavə olunub ki, bu da onu idman üslublu Oakley HSTN ilə eyni sıraya qoyur. Yeni Ray-Ban Meta Gen 2 modelinin qiyməti 379$ təşkil edir. Enerji mənbəyi bir neçə parametr üzrə yaxşılaşdırılıb. Yeni Ray-Ban Meta Gen 2 eynəyindən 8 saata qədər fasiləsiz istifadə etmək mümkündür - bu da birinci nəsil ağıllı eynəklə müqayisədə 2 dəfə çoxdur. Şarj futlyarı 20 dəqiqə ərzində ağıllı eynəyi 50% enerji ilə təmin edir - əvvəlki nəsildə bu, 22 dəqiqə çəkirdi.
Futlyarın resursu əvvəlki 32 saat əvəzinə əlavə 48 saat avtonom iş vaxtı təmin edir. Daxili kamera 3K və ya 1440p keyfiyyətində saniyədə 30 kadr və ya 1200p keyfiyyətində saniyədə 60 kadr sürətində, 3 dəqiqəyə qədər davam edən video çəkməyə imkan verir. Payızda proqram təminatı yenilənməsi ilə hiperlaps və slow-mo video çəkmək imkanı da əlavə ediləcək - Meta bu funksiyanı süni intellektlə təchiz olunmuş bütün eynəklərdə istifadəyə vermək istəyir. Daha bir maraqlı gələcək funksiya “söhbətə fokus” olacaq - eynəyin səsgücləndiriciləri həmsöhbətin səsini gücləndirə biləcək. Real vaxtda tərcümə yaxşılaşdırılacaq - alman və portuqal dillərinə dəstək əlavə olunacaq.
Paylaş