Samsung 6 000 mAh batareyalı Galaxy A38 smartfonu hazırlayır
“Samsung”un hazırladığı orta səviyyəli “Galaxy A38” smartfonunda 6 000 mAh tutumlu batareya olacaq. Bu göstərici əvvəlki “Galaxy A” modellərində geniş işlədilən 5 000 mAh batareyadan 20% böyükdür. Yeni model batareya tutumuna görə hazırkı “Galaxy S26 Ultra” flaqmanını da 20% qabaqlayacaq. “Galaxy S26 Ultra” 1 400 dollara (təxminən 2 380 manat) satılır.
6 000 mAh Android smartfonları arasında rekord deyil, çünki bazarda artıq 10 000 mAh batareyası olan modellər var. Bununla belə, “Samsung” smartfonları üçün bu, ciddi artımdır. Şirkət son qatlanan modellərində silisium-karbon batareyalardan yararlanmağa başlayıb. Ancaq “Galaxy A38”də eyni texnologiyanın olub-olmayacağı hələ bilinmir. Smartfonun 2027-ci ilin əvvəlində çıxacağı gözlənilir.
“Galaxy S26 FE” 2026-cı ilin avqust ayının sonunda elan edilib, noyabrda satışa çıxıb. Modelin 128 GB yaddaşlı versiyası 699,99 dollardan (təxminən 1 190 manat) başlayır. 256 GB versiyanın başlanğıc qiyməti 799,99 dollardır (təxminən 1 360 manat).
“Galaxy S26” martda satışa çıxıb. Onun 256 GB yaddaşlı versiyası 999,99 dollara (təxminən 1 700 manat), 512 GB versiyası isə 1 199,99 dollara (təxminən 2 040 manat) satılır. Operativ yaddaş çatışmazlığına görə flaqmanın qiyməti satışa çıxandan sonra artıb.
Hər iki smartfonun arxa paneli şüşədən, çərçivəsi alüminiumdandır. Cihazlarda IP68 qoruması var. Bu göstərici onların toza davamlı olduğunu və 1,5 metr dərinlikdə suda 30 dəqiqəyədək qala bildiyini göstərir.
“Galaxy S26 FE”nin uzunluğu 161,6 mm, eni 76,9 mm-dir. Qalınlığı 7,4 mm, çəkisi 193 qramdır. “Galaxy S26” daha yığcamdır: uzunluğu 149,6 mm, eni 71,7 mm-dir. Modelin qalınlığı 7,2 mm, çəkisi 167 qramdır.
“Galaxy S26 FE”də 6,7 düymlük AMOLED ekran var. Ekranın yenilənmə tezliyi 120 Hz, ən yüksək parlaqlığı 1 900 nitdir. “Galaxy S26”nin AMOLED ekranı 6,3 düymdür və parlaqlığı 2 600 nitə çatır. Hər iki ekranın təsvir ölçüsü 1080 x 2340 pikseldir. Flaqman yenilənmə tezliyini 1 Hz ilə 120 Hz arasında avtomatik dəyişir və beləliklə, batareyaya daha çox qənaət edir.
“Galaxy S26 FE”nin arxasında 50 MP əsas və 12 MP genişbucaqlı kamera var. Bundan başqa, görüntünü keyfiyyət itkisi olmadan 3 dəfə yaxınlaşdıran 8 MP telefoto kamera qoyulub. “Galaxy S26”də telefoto kamera 10 MP-dir, digər 2 kameranın təsvir ölçüsü dəyişməyib.
FE modeli 8 GB operativ yaddaşla işləyir və “Exynos 2500” prosessoru var. Flaqmanda operativ yaddaş 12 GB-dır. Regiondan asılı olaraq telefonda “Snapdragon 8 Elite Gen 5” və ya “Exynos 2600” prosessoru işləyir. Hər iki cihazda “Android 17” və “One UI 9” proqram sistemi var.
“Galaxy S26 FE”də 4 900 mAh batareya var və model 45 Vt naqilli şarjı dəstəkləyir. “Galaxy S26”nin batareyası 4 300 mAh, naqilli şarj gücü 25 Vt-dır. Hər iki smartfonu 15 Vt gücündə naqilsiz şarj etmək olur. Böyük ekran, daha tutumlu batareya və aşağı qiymət axtaranlar üçün FE modeli daha sərfəli görünür. Daha güclü prosessor, parlaq ekran və yaxşı kameralar istəyənlər standart modeli seçə bilərlər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...