Logo
    Samsung Galaxy S27 Ultra-da qızma iddiasına görə Exynos-a keçə bilər

    Samsung Galaxy S27 Ultra-da qızma iddiasına görə Exynos-a keçə bilər

    Cihazlar+
    17.10.2026
        “Samsung”un “Galaxy S27 Ultra” sınaqları zamanı “Snapdragon 8 Elite Extreme Gen 6” prosessorunda ciddi isinmə problemi yarandığı iddia olunur. Uzun müddət ağır yük altında işləyərkən çip temperatur həddini keçib və özünü qorumaq üçün sürətini azaldıb. Bu səbəbdən “Exynos 2700” yenidən alternativ kimi gündəmə gəlib. “Qualcomm” isə istilik problemi ilə bağlı xəbərin həqiqətə uyğun olmadığını deyib.
        “Samsung” və “Qualcomm” problemi ayın ortalarınadək həll etmək üçün müzakirələr aparıb. Son məlumatlara görə, hələ hazır həll yoxdur. Prosessor tələb olunan sabitlikdə işləsə, “Samsung” əvvəlki plana uyğun olaraq “Snapdragon” seçimində qalacaq. Əks halda istehsal qrafikinin gecikməməsi üçün “Exynos 2700” çipinə keçə bilər. “Qualcomm” qlobal cihaz istehsalçıları ilə işləməyə davam etdiyini vurğulayıb.
        “Exynos 2700” daxili performans sınaqlarında çoxnüvəli “Geekbench” nəticəsinə görə rəqibini təxminən 10% qabaqlayıb. Prosessorun daha az qızdığı da iddia edilir. “Snapdragon 8 Elite Extreme Gen 6” artıq bəzi Çin smartfonlarında işlədilir. Həmin istehsalçılar istiliyi yaymaq üçün daha iri buxar kameralı soyutma sistemləri seçirlər, “Samsung” isə adətən daha kiçik sistemdən yararlanır.
        “Qualcomm” yeni flaqman çiplərini sentyabrda təqdim edib. “Snapdragon 8 Elite Extreme Gen 6” 2 nm istehsal prosesinə əsaslanır. Prosessorda 5 GHz tezlikdə işləyən 2 nüvə var. Şirkətin məlumatına görə, əvvəlki nəsillə müqayisədə prosessorun hesablama gücü 13%, qrafik sürəti 44% artıb. Süni intellekt hesablamaları sürətlənib, enerji sərfiyyatı da yaxşılaşdırılıb. Bu çipin olduğu modellərdən biri ABŞ bazarı üçün hazırlanan “Motorola Signature 27”dir.
        “Galaxy S27” seriyasının kütləvi istehsalına 2026-cı ilin sonunda başlanması planlaşdırılır. Cihazların 2027-ci ilin fevral və ya martında satışa çıxacağı gözlənilir. Buna görə prosessor seçimi yaxın vaxtlarda dəqiqləşməlidir. “Galaxy S27 Ultra”nın bütün bazarlarda “Exynos 2700” prosessoru ilə satılacağı, yoxsa seçimin regionlara görə dəyişəcəyi hələ bilinmir.
        Prosessor seçimi regionlara görə dəyişsə, “Samsung LSI” böyük sifariş və əlavə gəlir əldə edə bilər. “Samsung DX” də daha bahalı “Snapdragon” çiplərinə çəkilən xərci azalda bilər. Cənubi Koreyada “Exynos” prosessorlu son “Ultra” modeli 2021-ci ildə, qlobal bazarda isə 2022-ci ildə çıxıb. ABŞ-də bütün seriyanın “Exynos” prosessoru işlətdiyi son model 10 ildən çox əvvəl çıxan “Galaxy S6” olub.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...