Samsung-un yeni ağıllı saatı rekord dözümlülüklə gəldi
Samsung Galaxy Unpacked tədbirində yeni Galaxy Watch Ultra 2 modelini təqdim edib. Şirkət bildirir ki, yeni ağıllı saat ekstremal idman növləri və açıq hava fəaliyyətləri ilə məşğul olan istifadəçilər üçün hazırlanıb. Galaxy Watch Ultra 2 zərbələrə qarşı daha davamlı titan korpusla təchiz olunub. Cihaz IP69K sertifikatına malikdir ki, bu da onun tozdan tam qorunduğunu və yüksək təzyiqli, yüksək temperaturlu su axınlarına davam gətirdiyini göstərir. Bununla yanaşı, 10 ATM suya davamlılıq səviyyəsi sayəsində saatı 100 metrədək dərinlikdə dalış zamanı da istifadə etmək mümkündür.
Samsung bildirir ki, cihaz 5 faiz duzlu və xlorlu suda sınaqdan keçirilib, həmçinin dalış avadanlıqları üçün nəzərdə tutulan EN13319 sertifikatını əldə edib. Saat real vaxtda suyun dərinliyi, dalış müddəti və suyun temperaturu kimi göstəriciləri izləyə bilir. Şirkət ilin sonuna qədər təqdim ediləcək Ultra 2 Diving tətbiqi vasitəsilə qalxma və enmə sürəti, təhlükəsiz dalış limitləri kimi əlavə məlumatların da istifadəçilərə təqdim olunacağını açıqlayıb. Yeni model əvvəlki nəsillə müqayisədə 12 faiz daha nazik olsa da, daha böyük, 800 mAh tutumlu batareya ilə təchiz edilib. Samsung-un məlumatına görə, Always On Display funksiyası aktiv olduqda belə cihaz 60 saata qədər işləyə bilir. Galaxy Watch Ultra 2 Snapdragon Wear Elite Platform prosessoru ilə işləyir və bu da həm performansı, həm də Wear OS əsaslı süni intellekt funksiyalarını daha sürətli icra etməyə imkan verir.
Saat yalnız 47 mm ölçüdə təqdim olunur və 1,52 düymlük Super AMOLED ekran, 64 GB daxili yaddaş və 2 GB operativ yaddaş ilə təchiz edilib. Galaxy Watch Ultra 2 ABŞ bazarında Titanium Silver və Titanium Gray rəng seçimləri ilə 700 dollar qiymətinə əvvəlcədən sifariş üçün əlçatandır. Modelin rəsmi satışları isə 7 avqustdan başlayacaq.
Paylaş
