Logo
    main-post-cover

    Sony bundan sonra Xperia smartfonlarını özü istehsal etməyəcək

    Cihazlar+
    02.06.2025
    Emil
         Sony artıq Xperia martfonlarını müstəqil şəkildə istehsal etməyəcək. Mövcud məlumatlara görə, şirkət daha əvvəl bu cihazların istehsal olunduğunu göstərdiyi Tayland və Çin zavodlarının saytlarından “smartfonlar” bölməsini silib. Lakin bu, Xperia seriyasının bağlanması və ya brendin ləğvi demək deyil. Marka fəaliyyətini davam etdirəcək. Keçən ay təqdim olunmuş yeni flaqman modeli Xperia 1 VII artıq Sony-nin öz müəssisələrində deyil, üçüncü tərəf istehsalçı tərəfindən hazırlanır. Bu da şirkətin istehsalda tam şəkildə autsorsinq modelinə keçdiyini göstərir.
         Əvvəllər Sony yalnız orta büdcəli modelləri autsorsinqə verirdi, lakin indi artıq flaqman cihazlar da xarici podratçılar tərəfindən istehsal olunacaq. Bildirilir ki, bu addım məntiqli görünür və nəzəri baxımdan smartfonların maya dəyərini azaltmağa kömək edə bilər. Lakin hələlik bu qənaət qiymətlərə təsir etməyib. Xüsusilə, Xperia 1 VII hələ də 1399 funt sterlinq dəyərində satılır. Bu da göstərir ki, Sony istehsal strategiyasını dəyişməsinə baxmayaraq, flaqman modellərinin qiymətini endirməyə hazır deyil. Mütəxəssislər qeyd edirlər ki, öz istehsalından imtina Sony-yə xərcləri azaltmağa və cihazların istehsalından çox onların inkişafına fokuslanmağa imkan verəcək.
         Lakin smartfon bazarında mövcud olan sərt rəqabət şəraitində bu, satışların artması üçün kifayət etməyə bilər. Hazırda Xperia-nın yeni istehsalçısının kim olduğu bilinmir. Sony bu dəyişiklikləri şərh etməyib, lakin zavod saytlarından smartfonlarla bağlı məlumatların silinməsi, ümumilikdə, şirkətin öz istehsal dövrünü başa vurduğunu göstərə bilər. Sony-nin bu qərarı texnologiya şirkətləri arasında formalaşan ümumi tendensiyanı da əks etdirir: Apple Google daxil olmaqla bir çox brend artıq uzun müddətdir autsorsinqdən istifadə edir. Lakin həmişə premium imicə önəm verən Sony üçün bu addım Xperia tarixində dönüş nöqtəsi ola bilər.
    Paylaş