Stadia kontrollerləri üçün rəsmi Bluetooth dəstəyi sona çatdı
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Stadia platformasını bağladıqdan sonra istifadəçilərə Stadia kontrollerini Bluetooth gamepad kimi istifadə etməyə imkan verən rəsmi aləti də tamamilə deaktiv edib. Bununla da, rəsmi yol ilə kontrolleri Bluetooth rejiminə keçirmək artıq mümkün deyil.
Lakin məsələ bununla bitmir. Christopher Klay, daha əvvəl Stadia Enhanced brauzer əlavəsini hazırlayan tərtibatçı, bu alətin işlək versiyasını vaxtında yadda saxlayan şəxslərdən biridir. O, alətin kopyasını şəxsi GitHub səhifəsində yerləşdirib və hətta Google-ın həmin rəsmi səhifəsinin tam işlək “güzgü” (mirror) versiyasını da istifadəyə verib.
Bu üsul sayəsində Stadia kontrollerini yenidən Bluetooth gamepad kimi aktivləşdirmək mümkündür. Kontroller çevrildikdən sonra o, xüsusilə Steam üzərindən oyunlarda stabil və rahat şəkildə işləyir. Qeyd edək ki, Stadia layihəsi uğursuz olsa da, Google istifadəçilərə kontrollerləri tam yararsız hala salmamaq üçün bir müddət rəsmi çıxış yolu təqdim etmişdi. İndi isə bu təşəbbüs fərdi tərtibatçıların səyi ilə yaşamağa davam edir.
Paylaş