TrendForce: Operativ yaddaş 2028-ci ildə ucuzlaşa bilər
Yaddaş istehsalçılarına görə, çip qıtlığı 2029 və ya 2030-cu ilədək davam edə bilər. Tayvanın “TrendForce” araşdırma şirkəti isə qıtlığın daha tez azalacağını gözləyir. Şirkətin əsas ssenarisinə görə, RAM qiymətləri 2027-ci ilin ikinci yarısında sabitləşə və 2028-ci ildə enməyə başlaya bilər. Digər ssenariyə görə, operativ yaddaş 2027-ci ilin son rübündə ucuzlaşmağa başlaya, növbəti il qiymətlər daha kəskin düşə bilər.
“TrendForce” proqnozunu ilk növbədə tələbin azalması ilə izah edir. Yaddaş çipləri kəskin bahalaşdıqdan sonra məişətdə istifadə olunan elektron cihazlara tələb zəifləyib. “Acer”in sədri və baş direktoru Jason Chen də ilin əvvəlində qıtlığın daha tez azala biləcəyini demişdi. Onun fikrincə, istehsalçılar satışdan götürdükləri qazanc payını qorumaq üçün qıtlığı olduğundan böyük göstərirlər.
Çində bulud xidməti göstərən şirkətlər 2026-cı ilin son rübündə serverlər üçün operativ yaddaşa (DRAM) tələbi azaltmağa başlayıblar. Şimali Amerikadakı məlumat mərkəzlərinin tələbi hələlik bu azalmanı qarşılayır. Ancaq ABŞ-nin aralıq seçkilərində məlumat mərkəzləri ilə bağlı təşəbbüslərə dəstək zəif olub. Buna görə bölgədə tələbin necə dəyişəcəyi hələ bəlli deyil.
İxrac məhdudiyyətləri də server sifarişlərinə təsir edə bilər. “Nvidia” tərəfdaşlarına şirkətin çipləri ilə işləyən süni intellekt serverlərini Sinqapura, Malayziyaya, Tailanda və İndoneziyaya göndərməyi dayandırmağı tapşırıb. Bu ölkələrdəki şirkətlər sifarişlərini almaq üçün indi ABŞ-nin Ticarət Nazirliyindən ixrac lisenziyası almalıdırlar.
Qıtlığı azaltmaq üçün tikilən yaddaş zavodlarının 2028-ci ildə işə düşəcəyi gözlənilir. İstehsal tələbdən daha sürətlə artsa, yaddaş çipləri ucuzlaşa bilər. İxrac qaydaları daha da sərtləşsə və bulud xidməti göstərən şirkətlər birləşsə, server sifarişləri azala, qiymətlər daha çox düşə bilər. Proqnoz özünü doğrultsa belə, alıcılar ucuzlaşmanı ən tez bir neçə ay sonra hiss edəcəklər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...