Logo
    main-post-cover

    Valve iki günə ABŞ-yə 50 ton “oyun konsolu” idxal edib

    Cihazlar+
    05.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Valve şirkəti cəmi iki gün ərzində ölkəyə təxminən 50 ton həcmində “oyun konsolu” idxal edib. Məlumatlar göstərir ki, bu göndərişlər mayın 1-i ilə aprelin 30-u arasında həyata keçirilib və bu da şirkətin yeni cihazlarını bazara çıxarmağa hazırlaşdığı ehtimallarını gücləndirir.
        Bu həcmlər daha əvvəl Valve məhsullarını izləyən mənbələrin qeyd etdiyi əlavə göndərişlərlə birlikdə son aylarda ümumilikdə 100 tona yaxın məhsulun ABŞ-yə daşındığını göstərir. Yüklər əsasən Çindən Los-Anceles və Takoma limanlarına çatdırılıb.
        Diqqətçəkən məqamlardan biri isə son konteynerlərin çəkisinin əvvəlkilərlə müqayisədə daha yüngül olmasıdır. Əvvəllər hər 40 futluq konteyner təxminən 14,500 kq çəkidə olurdu və 42 bağlama daşıyırdı. Lakin son göndərişlərdə bu rəqəm orta hesabla 12,600 kq-a düşüb. Bu fərq, konteynerlərin içində yeni bir məhsulun ola biləcəyini göstərir.
        Ehtimallara görə, bu göndərişlərdə uzun müddətdir gözlənilən Steam Machine və ya Steam Frame kimi yeni cihazlar yer ala bilər. Bununla belə, bəzi mənbələr bu məhsulların sadəcə Steam Deck portativ konsollarının yeni partiyası da ola biləcəyini istisna etmir.
        Ümumi hesablamalara görə, 50 tonluq məhsul təxminən 20 min ədəd konsola bərabər ola bilər. Bu isə Valve üçün böyük bir stok sayılmır və yeni cihaz satışa çıxarıldıqda sürətlə tükənə biləcəyini göstərir.
        Valve nümayəndələri isə hələlik rəsmi təqdimat tarixi açıqlamayıb, lakin şirkətin son addımları yeni cihazların yaxın zamanda təqdim ediləcəyinə işarə edir.
    Paylaş