Valve-ın onlayn oyunları Steam nasazlığı səbəbilə dayanıb
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Steam platformasında genişmiqyaslı nasazlıq baş verib. İstifadəçilər həm oyun mağazasına daxil olmaqda, həm də onlayn oyunları oynamaqda çətinlik yaşayıblar. Valve şirkəti hələlik bu problem barədə rəsmi açıqlama verməsə də, SteamDB-nin qeyri-rəsmi Steam Status səhifəsinə görə Steam Store, Steam Community və Steam Web API-ləri oflayn rejimə keçib.
DownDetector platformasında yerli vaxtla təxminən saat 13:15-də 6 mindən çox şikayət qeydə alınıb. Eyni zamanda Steam, Valve-ın mobil tətbiqləri üzərindən də əlçatan olmayıb. Məlumata görə, problem Team Fortress 2, Dota 2 və Counter-Strike 2 kimi Valve-a məxsus onlayn oyunların API-lərinə də təsir göstərir.
Qeyd edək ki, Steam-in son böyük nasazlığı oktyabr ayında baş vermiş və mağaza ilə onlayn xidmətlər təxminən bir saatlıq əlçatan olmamışdı. Sentyabr ayında isə Hollow Knight: Silksong oyununun buraxılışı zamanı yaranan yüksək yüklənmə Steam-lə yanaşı Xbox Store və Nintendo eShop-un da müvəqqəti olaraq çökməsinə səbəb olmuşdu.
Paylaş