Valve Steam Controller üçün rəsmi dizayn fayllarını paylaşdı
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Valve uzun müddətdir satışda olmayan məşhur Steam Controller üçün maraqlı addım atıb. Şirkət kontrollerin xarici korpusuna aid rəsmi CAD dizayn fayllarını ictimaiyyətə təqdim edib. Creative Commons lisenziyası ilə yayımlanan bu fayllar sayəsində istifadəçilər artıq Steam Controller üçün öz aksesuarlarını hazırlaya, fərqli korpus dizaynları yarada və hətta 3D printer vasitəsilə müxtəlif əlavələr istehsal edə biləcəklər.
Paylaşılan fayllar yalnız cihazın xarici hissəsini əhatə edir. Yəni istifadəçilər kontrollerin tam işlək versiyasını sıfırdan hazırlaya bilməyəcəklər. Daxili elektron komponentlər və texniki hissələr bu paketə daxil edilməyib.
Steam Controller son həftələrdə PC oyun icmasında yenidən gündəmə gəlib. Xüsusilə cihazın bazarda tapılmasının çətinləşməsi və ehtiyatların tükənməsi oyunçular arasında marağı daha da artırıb. Hazırda kontroller bir çox platformada “out of stock” statusundadır və Valve hələlik yeni partiyanın nə vaxt satışa çıxacağını açıqlamayıb.
Bununla belə, şirkətin dizayn fayllarını paylaşması modding və DIY texnologiya həvəskarları üçün yeni imkanlar yaradır. İstifadəçilər artıq fərdi tutacaqlar, xüsusi örtüklər və fərqli dizayna malik aksesuarlar hazırlaya biləcəklər.
Paylaş