Logo
    Yaddaş qıtlığı videokartları bahalaşdırır, problem 2030-dək sürə bilər

    Yaddaş qıtlığı videokartları bahalaşdırır, problem 2030-dək sürə bilər

    Cihazlar+
    08.11.2026
        GPU, yəni qrafik prosessor tədarükündəki problemin yaxın vaxtlarda həll olunacağı gözlənilmir. İstehsalçılar resurslarını süni intellekt məlumat mərkəzlərinə yönəldirlər. Proqnoza görə, bu mərkəzlər 2026-cı ildə dünyada satılan DRAM yaddaşının təxminən 70 faizini işlədəcək. Bazardakı bahalaşma ümumi inflyasiyanı xeyli üstələdiyi üçün bu vəziyyət “chipflation” adlandırılır. “JP Morgan” hesablamanı 2024-cü il qiymətləri ilə müqayisə edib. Şirkətə görə, 2026-cı ilin sonunadək DRAM qiymətləri 400 faiz artacaq.
    Yaddaş qıtlığı videokartları bahalaşdırır, problem 2030-dək sürə bilər
        “Nvidia”-nın adi alıcılar üçün ən güclü modeli “GeForce RTX 5090” 2025-ci ilin yanvarında 1999 dollar (təxminən 3400 manat) tövsiyə olunan qiymətlə çıxmışdı. Hazırda model bu qiymətdən 4920 dollar (təxminən 8360 manat) baha satılır. Yaponiyada bəzi oyun GPU-larının qiyməti ABŞ ilə müqayisədə 41 faiz yüksəkdir. Son 2 ildə proqram və aksessuarların qiyməti təxminən 25 faiz artıb. Konsol və noutbukların bahalaşması da PC tədarükünü azaldıb. “PlayStation 5 Pro” təkrar satış bazarında tövsiyə olunan qiymətdən təxminən 500 dollar (850 manat) baha satılır.
        Problemin əsas səbəbi GPU-nun özü yox, yaddaş istehsalındakı məhdudiyyətdir. Sənaye DDR4 yaddaşından daha yeni DDR5 standartına keçərkən istehsal xətləri yenilənirdi. Bu proses tədarükü əvvəlcədən zəiflətmişdi. Süni intellekt mərkəzləri HBM adlanan yüksək sürətli yaddaşa tələbi daha da artırıb. HBM və ənənəvi DRAM eyni istehsal xətlərində hazırlanır. HBM təxminən 30 faiz baha satıldığı üçün zavodlar daha çox bu yaddaşa üstünlük verirlər. İstehsalın HBM4 və HBM4E nəslinə keçirilməsi də yaxın dövrdə tədarükü daha da azaldır.
        Bazarın cəmi bir neçə böyük şirkətin əlində olması qıtlığı artırır. “Micron”, “Samsung Electronics” və “SK Hynix” birlikdə qlobal DRAM istehsalının təxminən 90 faizinə nəzarət edir. Hər 3 şirkət istehsalı artırsa da, çatışmazlığın uzun müddət davam edəcəyini gözləyir. Buna görə əsas diqqəti məlumat mərkəzlərinə yönəldirlər. “Micron” 2025-ci ildə adi alıcılara birbaşa satışı dayandırıb və resurslarını süni intellekt məhsullarına ayırıb. HBM-in ümumi DRAM istehsalındakı payının 2026-cı ildə 20 faiz olacağı gözlənilir. Bu göstəricinin 2027-ci ildə 30 faizə, 2029-cu ildə isə 40 faizə yaxınlaşacağı proqnozlaşdırılır.
    Yaddaş qıtlığı videokartları bahalaşdırır, problem 2030-dək sürə bilər
        Qıtlıq 2030-cu ilə qədər davam edə bilər. “Micron” tədarükün 2027 və 2028-ci illərdə daha da azalacağını gözləyir. “SK Hynix” isə 2027-ci ili sektor tarixinin ən pis ili sayır. Lazımi istehsal gücünün qurulması ən azı 4-5 il çəkə bilər. Proqnoza görə, 2030-cu ilədək istehsal tələbatdan 20 faiz geri qalacaq. “Micron” 2027-ci il üçün planlaşdırdığı HBM istehsalının 75 faizini artıq satıb. “Samsung” da həmin il istehsal edəcəyi yaddaşın təxminən 80 faizini satıb. Bunun təxminən 70 faizi 5 illik müqavilələrlə bağlanıb.
        Ancaq qiymətlərin dayanmadan artacağına hamı inanmır. “Acer” rəhbəri Jason Chen ucuz Çin məhsullarının bazara çıxması ilə qiymətlərin 2027-ci ildə sabitləşə biləcəyini düşünür. Digər proqnozlara görə, 2029-cu ildə açılacaq yeni istehsal xətləri yaddaş bolluğu yarada bilər. Bəzi bazar iştirakçıları süni intellekt sektorunun planlaşdırılan istehsal artımını qarşılamaq üçün kifayət qədər böyüyəcəyinə şübhə ilə yanaşırlar. “Nvidia” rəhbəri Jensen Huang isə artıq istehsal ehtimalını qəbul etmir. Onun fikrincə, yaddaşa tələbat artmağa davam edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...