main-post-cover

    Qatlana bilən Huawei Mate X Barselonada təqdim olundu

    Digər
    MWC 2019
    24.02.2019
    Farid Pardashunas
        
        Huawei şirkəti MWC 2019-un rəsmi açılışından bir gün qabaq özünün ilk qatlana bilən smartfon modeli olan Mate X-i təqdim etdi. Sözügedən smartfon bir tərəfə əyilən böyük ölçülü ekran ilə təchiz olunub. Bu səbəbdən istifadəçi həm smartfona həm də planşetə sahib olur. Mate X həmçinin müasir texniki göstəriciləri və 5G şəbəkəsi dəstəyini də əldə edib. Beləliklə bu smartfon hal hazırda smartfon bazarında məlumatların ötürülməsi üzrə ən sürətli 5G smartfondur. Tam açıq əkildə Huawei Mate X modeli kiçik planşet kimi çıxış edir. Tam açıq şəkildə o, maksimal dərəcədə nazik çərçivələr ilə əhatə olunmuş 2480x2200 piksel keyfiyyətli 8 düym AMOLED ekrana sahib olur. Smartfonu qatlayan zaman isə o, 2480x1148 piksel keyfiyyətli və ya 2480x892 piksel keyfiyyətli 6.38 düym ekrana sahib olur. Beləliklə, Mate X smartfonunu hər bir vəziyyətdə işlətmək mümkündür.
        Smartfonun əsas özəlliyi isə onun bir ədəd ekrana sahib olmasıdır. Qatlanmış vəziyyətdə həmin ekranın yarı hissəsi arxa paneldə qalır. Beləliklə istifadəçi smartfonun həm arxa panelində həm də ön panelində ekrandan istifadə edə bilər. Ən əsası isə odur ki, qatlanmış formada hər iki tərəf bir-birinə sıx şəkildə yapışır. Yəni hər iki hissə arasında nəzərə çarpacaq aralıq hissə qalmır. Tam açıq formada smartfonun qalınlığı 5.4 mm, qapalı formada isə 11 mm təşkil edir. Smartfonun kənarı bir qədər qalınlaşdırılmış xüsusi hissədən ibarətdir. Belə ki, cihazın bütün teniki təchizatı məhz həmin hissədə yerləşir. İlk baxışdan həmin hissə smartfonun stilus yerini xatırladır. Lakin bu belə deyil. Həmin hissədə həmçinin smartfonun Leica markalı üçlü kamerası da yerləşir.
        Əsas texniki göstəricilərə gəldikdə isə Mate X modeli 8 nüvəli Kirin 980 porsessoru, 8 GB RAM, 512 GB daxili yaddaş həcmi, Balong 5000 5G modemi və ümumi 4500 mAh enerji tutumlu 2 ədəd batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfon həmçinin dünyanın ən sürətli enerji yığma texnologiyasına da sahibdir. Belə ki, batareyaların əldə etdikləri enerji gücü 55 vattdır. Beləliklə Mate X smartfonu 85% enerjini 30 dəqiqə ərzində yığır. Şirkətin verdiyi məlumata əsasən Mate X dünyanın ən sürətli 5G smartfon modelidir. Belə ki, smartfonun maksimal yükləmə sürəti saniyədə 4.6 Gbit-dir. Yəni nəzəri cəhətdən smartfon 1 GB-lıq videonu 3 saniyəyə yükləməlidir.
        Smartfon həmçinin 2 SIM kart girişinə sshibdir. Onlardan hər ikisi də nano formatlı SIM kartı dəstəkləyir. Beləliklə istifadəçi bir girişə nano formatlı SIM kart, digərinə isə ikinci nano SIM kartı və ya nanoSD formatlı yaddaş kartını yerləşdirə bilər. Qeyd etmək lazımdır ki, girişlərdən yalnız birinə yerləşdirilmiş nano formatlı SIM kart vasitəsilə 5G şəbəkəsində çalışmaq olar. Smartfonnun barmaq izi skanı texnologiyası onun kənarında yerləşdirilmiş yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon aşağı hissədən həmçinin USB Type-C girişinə də sahibdir. Beləliklə Huawei Mate X smartfonu bu ilin ikinci yarısında 2299 avro dəyərində satışa çıxacaq.
    Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər