Orkut-un yaradıcısı sosial şəbəkəni yenidən açmaq üçün dəstək istəyir
Sosial Media
09.10.2026
“Orkut” sosial şəbəkəsinin yaradıcısı Orkut Büyükkökten platformanı yenidən açmaq üçün istifadəçilərdən dəstək istəyib. O, cümə axşamı “X” platformasında paylaşım edərək insanları “Orkut.com” saytında adlarını qeyd etməyə və başqalarını da qoşulmağa çağırıb. Təşəbbüs dostluğu, icmanı və insanlar arasında həqiqi ünsiyyəti ön plana çəkir. Ancaq “Orkut”un yeni versiyasının hazırlandığı barədə məlumat yoxdur.
“Orkut” 2004-cü ildə, Büyükkökten “Google”da işləyərkən əlavə layihə kimi yaradılıb. Sosial şəbəkə xüsusilə Hindistan və Braziliyada çox populyar olub, amma sonradan “Facebook”la rəqabətdə geri qalıb. “Google” 2014-cü ilin sentyabrında platformanı bağlayaraq diqqətini “Google+” və “YouTube” kimi başqa xidmətlərə yönəldib.
Büyükkökten saytında yayımladığı məktubda sosial medianın son 20 ildə keçirdiyi dəyişiklikləri tənqid edib. Onun fikrincə, alqoritmlərin və süni intellektlə hazırlanan məzmunun təsiri artdıqca real insanlar arasındakı ünsiyyət zəifləyir. Büyükkökten interneti həqiqi insanlar, səmimi münasibətlər və icmaya bağlılıq hissi üzərində yenidən qurmaq istədiyini deyib.
Bu, Büyükköktenin sosial şəbəkələrə qayıtmaq üçün ilk cəhdi deyil. “Orkut” bağlandıqdan 2 il sonra, 2016-cı ildə o, ortaq maraqları olan insanları birləşdirən “Hello” platformasını çıxarıb. “Hello” dünyada 2 milyondan çox dəfə endirilsə də, 2020-ci ildə bağlanıb. Müqayisə üçün, “Orkut” şəbəkəsinin təxminən 300 milyon aktiv istifadəçisi vardı.
Büyükkökten 2022-ci ildə “Orkut.com” saytında yeni layihə hazırladığını yazmış, amma ətraflı məlumat verməmişdi. O, 2 il sonra süni intellekt və maşın öyrənməsi ilə insanları bir araya gətirəcək başqa sosial şəbəkə üzərində işlədiyini açıqlamışdı. Həmin platforma indiyədək çıxmayıb. “Orkut”un nə vaxt qayıdacağı və rəsmi tanıtımın nə zaman keçiriləcəyi də hələ bilinmir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...