Logo
    main-post-cover

    2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub

    Nəqliyyat
    07.01.2025
    Emil
         Tesla artıq dünyanın ən böyük elektromobil istehsalçısı deyil. 2024-cü ildə bu şirkət ümumilikdə 1 773 443 ədəd elektromobil istehsal edib. Lakin digər bir istehsalçı bu mövzuda Tesla-nı geridə qoymağı bacarıb. Söhbət, Çinin BYD şirkətindən gedir. Belə ki, BYD şirkəti 2024-cü ildə ümumilikdə 1 777 965 ədəd elektromobil istehsal edib. Şirkətlər arasında fərq sadəcə 4522 ədəd elektromobil təşkil edir. Lakin bu, Tesla üçün heç də yaxşı bir xəbər deyil. Belə ki, Elon Musk-ın şirkəti 2023-cü ildə 1.85 milyon ədəd elektromobil istehsal etdiyi halda BYD şirkəti 1.6 milyon ədəd elektromobil istehsal etmişdi.
         2024-cü il bu iki şirkət üçün fərqli keçib. Belə ki, 2024-cü ilin ilk iki rübündə Tesla satışlarında düşüş müşahidə edildi. Lakin ilin ikinci yarısında şirkət əvvəlki satış tempinə qayıda bildi. BYD isə öz növbəsində keçən il istehsal və satış həcmini 12% genişləndirə bildi. Qeyd etmək lazımdır ki, elektromobillər BYD biznesinin yalnız bir hissəsini təşkil edir. Məsələ burasındadır ki, şirkət üstəlik hibrid avtomobillərin və avtobusların istehsalı ilə də məşğuldur. Məlumata əsasən keçən il BYD-nın nəqliyyat vasitələri satışı ümumilikdə 41% yüksəldi. Əsas sual BYD şirkətinin 2025-ci ildə öz mövqeyini qoruya bilib-bilməyəcəyi ilə bağlıdır. Çin dövləti yerli elektromobil istehsalçılarını dəstəkləməyə davam edir. Lakin Avropa Birliyi ilə ABŞ buna cavab olaraq Çin nəqliyyat vasitələri üçün yüksək vergilər təyin etdilər.
    Paylaş