BYD 1000 km-dən çox yol vəd edən Yangwang Altior sedanını təqdim etdi
“BYD”-yə məxsus Çinin lüks elektrik avtomobil markası “Yangwang Auto” ən iddialı modeli “Yangwang Altior” sedanını Əbu-Dabidə göstərib. Tam elektriklə işləyən avtomobil iri ölçüsü və dəbdəbəli tərtibatı ilə seçilir. Uzunluğu 5,6 metrdir və “Rolls-Royce Ghost” modelindən bir qədər böyükdür. Xarici görünüşündə də həmin avtomobili xatırladan cizgilər var.
“BYD”-nin məlumatına görə, dizaynın hazırlanması 3 il çəkib. Avtomobildə iri radiator barmaqlığı, uzun kapot və arxaya doğru açılan qapılar var. Ön emblem 24 karat qızıldan hazırlanıb, qapıların içərisinə isə çətirlər qoyulub. Salondakı hava çıxışlarında sarı Hetian nefritindən istifadə olunub. Oturacaqlar Suzhou tikmələri, döşəmə isə xalis yun ayaqaltılarla tamamlanıb. Metal düymələrin səsi və toxunuşu kiçik çəkiclərlə sınaqdan keçirilib.
4 yerlik salonda təyyarə oturacağı üslubunda, mexaniki masaj funksiyalı oturacaqlar quraşdırılıb. Onlarda bədənin yükünü azaltmağa çalışan “çəkisizlik” rejimi də var. Tavandakı 21,4 düymlük ekranda əyləncə məzmununa baxmaq və videozəng etmək olur. Salona 2 soyuducu və 39 dinamikli “Dynaudio” səs sistemi də daxildir. Yüksək tezlikli dinamiklər avtomobil işə düşəndə yuxarı qalxır və fırlanır.
“Yangwang Altior” hər təkəri ayrıca idarə edən 4 elektrik mühərrikli “e4” platformasında hazırlanıb. Sistem təkərlərə ötürülən gücü saniyədə 100 dəfədən çox tənzimləyir. Bunun sayəsində sedan “tank dönüşü” edərək yerində fırlana bilir. Aktiv asqı qarşıdakı yol səthini izləyir və şəraitə uyğun tənzimlənir. “BYD”-nin iddiasına görə, avtomobil fövqəladə halda suda üzə bilir. Şirkət yüksək sürətdə təkər partlasa belə, avtomobilin sabitliyini qoruduğunu da deyir.
İkinci nəsil “Blade Battery” Çində işlədilən CLTC sınağına görə bir dolumla 1000 km-dən çox yol vəd edir. “BYD” avtomobili “Executive” və “Bespoke” versiyalarında satışa çıxaracaq. Məhdud sayda buraxılan “Shanhe Dingyun Bespoke Edition” Çində 2,08 milyon yuan qiymətinə ön sifarişə açılıb. Bu, təxminən 311 500 dollar (təxminən 529 550 manat) deməkdir. Digər versiyaların qiyməti və şarj göstəriciləri hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...