Logo
    main-post-cover

    BYD avtonom idarəetmə sisteminə görə məsuliyyəti öz üzərinə götürəcək

        BYD avtonom idarəetmə texnologiyalarına olan inamını nümayiş etdirən maraqlı bir addım atıb. Şirkət açıqlayıb ki, sürücülər onun ən yeni "God's Eye 5.0" sürücü yardım sistemi ilə təchiz edilmiş avtomobillərdə "Urban Navigate on Autopilot" funksiyasından istifadə edərkən qəzaya səbəb olsalar, yaranan maddi zərəri BYD özü qarşılayacaq.
       Bu qərar şirkətin ötən həftə keçirilən tədbirində təqdim etdiyi yeni ağıllı sürücülük çipləri və texnologiyaları ilə yanaşı elan edilib. Təklif hazırda yalnız Çində satılan BYD avtomobillərinə şamil olunur. Şirkətin məlumatına görə, sürücü avtopilot funksiyasından bütün qaydalara uyğun şəkildə istifadə etdiyi halda baş verən və sürücünün təqsirli olduğu qəzalarda bütün iqtisadi zərərlər BYD tərəfindən ödəniləcək. Buraya avtomobilin təmiri, üçüncü şəxslərin əmlakına dəyən ziyan və hətta xəsarət alan şəxslərin tibbi xərcləri də daxildir.
        Ən diqqətçəkən məqamlardan biri isə kompensasiyanın məbləğinə hər hansı limit qoyulmamasıdır. Bundan əlavə, sürücülərin əlavə sığorta paketi əldə etməsinə ehtiyac olmayacaq və qəza nəticəsində onların sığorta haqları da artırılmayacaq. BYD bildirib ki, bu zəmanət yeni avtomobil alan müştərilər üçün avtomobil təhvil verildikdən sonra bir il müddətində keçərli olacaq. Mövcud BYD sahibləri isə avtomobillərini God's Eye 5.0 sisteminə yenilədikdən dərhal sonra bu proqramdan yararlana biləcəklər.
    Paylaş