Tesla Cybercab robotaksisini işə saldı, ABŞ-də federal yoxlama başladı
“Tesla” şirkətinin sürücüsüz “Cybercab” avtomobili kommersiya xidmətinə başlayandan dərhal sonra ABŞ-də federal araşdırma ilə üzləşib. ABŞ Milli Avtomobil Yollarında Hərəkət Təhlükəsizliyi Administrasiyasının (NHTSA) yoxlaması təxminən 1000 “Cybercab” avtomobilini əhatə edir. Şirkət sentyabrın 3-də Texas ştatının Ostin şəhərində az sayda “Cybercab” ilə sərnişin daşımağa başlayıb.
Araşdırma zamanı “Tesla”nın avtomobili federal təhlükəsizlik standartlarına uyğun hesab etmək üçün apardığı prosedur və təqdim etdiyi texniki məlumatlar yoxlanacaq. ABŞ-də istehsalçılar avtomobillərinin qaydalara uyğunluğunu özləri təsdiqləyirlər. “Cybercab” modelində daimi quraşdırılmış əyləc və qaz pedalları, sükan, eləcə də yan güzgülər yoxdur. NHTSA bəzi tələblərin bu modelə aid olmadığı barədə qərarı da nəzərdən keçirəcək. Mövcud sənədlərə əsasən, “Tesla” qaydalardan azad olunmaq üçün ayrıca müraciət etməyib.
Texasda “Tesla”nın adına 420 avtonom avtomobil qeydiyyatdadır. Onlardan 45-i “Cybercab” modelidir. Lakin bu avtomobillərin neçəsinin sərnişin daşıdığı, neçəsinin isə sınaqlarda işlədildiyi məlum deyil. Şirkət Dallas, Hyuston, Mayami, Orlando və Tampa şəhərlərində “Model Y” avtomobilləri ilə robotaksi səfərləri təklif edir. “Tesla” gələcəkdə “Cybercab” xidmətini daha çox avtomobil və yeni şəhərlərlə genişləndirməyi planlaşdırır.
“Tesla” həmin gün Ostində qapalı tədbir keçirərək “Cybercab” modelinin sərnişin xidmətinə başlamasını qeyd edib. Şirkət avtomobili “Robotaxi” xidməti çərçivəsində başqa şəhərlərə də çıxarmaq, daha sonra isə fərdi alıcılara satmaq istəyir. Gözlənilən satış qiyməti 30 000 dollar (təxminən 51 000 manat) təşkil edir. Federal araşdırma istehsalın avtomatik dayandırılması demək deyil. Bununla belə, yoxlama davam edərkən ödənişli səfərlərin həyata keçirilib-keçirilməyəcəyi hələ məlum deyil.
NHTSA rəhbəri Jonathan Morrison bildirib ki, qurum avtonom avtomobillərin təhlükəsiz inkişafını dəstəkləyir, eyni zamanda bütün qanunlara əməl olunmasını yoxlamalıdır. NHTSA hazırda sükan və pedal kimi ənənəvi idarəetmə vasitələri olmayan avtomobillərin satışını asanlaşdıra biləcək qayda dəyişikliklərini nəzərdən keçirir. Qurum robotaksilərin fövqəladə xidmət avtomobillərinin yolunu bağlamaması ilə bağlı operatorlara ayrıca xəbərdarlıq da göndərib.
İstehsalçının avtomobilin qaydalara uyğunluğunu özü təsdiqləməsi ilə bağlı oxşar araşdırma 2024-cü ildə “Amazon” şirkətinin sürücüsüz “Zoox” avtomobili üçün də başladılmışdı. Yoxlama dövründə həmin avtomobillərin yalnız nümayiş rejimində işləməsinə icazə verilmişdi. Sərnişinlərdən ödəniş almaq isə 2 il sonra mümkün olmuşdu. NHTSA, həmçinin “Full Self-Driving” sürücü dəstəyi sistemi olan 3,2 milyon “Tesla” avtomobilini ayrıca araşdırır. Bu yoxlama avtomobillərin geri çağırılması ilə nəticələnə bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...