Volkswagen 161 km mənzilli yeni elektrik velosipedini təqdim edib
“N+” və “Volkswagen” təhlükəsiz sürüş üçün “N+ Volkswagen eBike” elektrik velosipedini hazırlayıb. İstehsalçılar modeli “dünyanın ən təhlükəsiz elektrik velosipedi” kimi təqdim edirlər. Velosiped Berlində keçirilən “IFA 2026” sərgisində sınaq üçün nümayiş olunub. Sifarişlərin çatdırılmasına 2026-cı ilin 4-cü rübündə başlanacaq.
Sərgidə düz üst borulu “Sport” versiyası göstərilib. Aşağı çərçivəli “Crossover” isə sınaq zonasında olmayıb. Hər 2 modeldə 27,5 düymlük təkərlər, 9 pilləli “Shimano U4000 Cues” sürət dəyişdiricisi və “Tektro” disk əyləcləri var. Velosipedin duzlanmış qış yollarına davamlı olması üçün korroziyaya qarşı dayanıqlı materiallar seçilib. Ön və arxa hissədə işıqlı “VW” nişanları yerləşdirilib. Bundan başqa, ayrıca fara və əyləc işığı da var.
Velosiped 250 Vt gücündə “Yamaha” mühərriki ilə işləyir. Mühərrik çərçivənin orta hissəsində, batareya isə maili alt borunun daxilində yerləşir. Bir dəfə enerji ilə doldurulduqda velosiped təxminən 100 mil və ya 161 km yol gedə bilir. Hər 2 versiyada daxili “Find My” izləmə funksiyası var. Sonradan “Android” cihazları üçün də oxşar imkan əlavə olunacaq.
Təhlükəsizlik imkanları arasında ağıllı eynək, “Bluetooth” bağlantılı dəbilqə, arxa kamera və sükan ekranı yer alır. Eynəyin rəngli HUD sistemi, yəni məlumatı birbaşa sürücünün görüş sahəsində göstərən ekran GPS xəritəsini və cari sürəti əks etdirir. Dəbilqənin ön və arxa işıqları var. Dəbilqə velosipedə qoşulduqda arxadakı qırmızı işıq əyləcləmə və dönmə zamanı digər hərəkət iştirakçılarına siqnal verir.
“Smart View” adlı sükan ekranında naviqasiya göstərilir. Radar arxadan yaxınlaşan avtomobili aşkarladıqda ekranda arxa kameranın görüntüsü və kor zona xəbərdarlığı görünür. Bu xəbərdarlıq üst borudakı LED işıq zolağında da əks olunur. Lakin batareyaların çatdırılması gecikdiyi üçün elektrik dəstəyi, “Smart View” ekranı və ağıllı eynək real sürüş zamanı sınaqdan keçirilməyib.
Batareyasız keçirilən sınaqda velosipedin çevik olduğu və asan sürətləndiyi müşahidə edilib. Ötürmələr hamar dəyişib, disk əyləcləri isə dərhal reaksiya verib. “Sport” modelinin baza qiyməti 4 000 dollar (təxminən 6 800 manat), “Crossover” modelinin qiyməti isə 4 350 dollar (təxminən 7 400 manat) təşkil edir. Dəbilqə, ağıllı eynək, 85 dB səsli siqnal və çərçivə kilidindən ibarət təhlükəsizlik dəsti, eləcə də əlavə batareya seçildikdə “Sport” modelinin qiyməti 6 000 dollardan bir qədər aşağı (təxminən 10 200 manatdan az) olur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...