Waymo Torontoda robotaksi sınaqları keçirmək üçün icazə aldı
“Alphabet” şirkətinin sürücüsüz avtomobil bölməsi “Waymo” Kanadaya açılmağa hazırlaşır. Şirkət Ontarionun avtomatlaşdırılmış avtomobillər üzrə sınaq proqramına qoşulmaq üçün icazə alıb. İlk sınaqlar Torontoda keçiriləcək. Ancaq sakinlər hələlik “Waymo” robotaksilərindən kommersiya xidməti kimi yararlana bilməyəcəklər.
“Waymo” əvvəlcə sürücülərin idarə etdiyi avtomobillərlə yerli küçələrin dəqiq rəqəmsal xəritələrini hazırlayacaq. Ardınca ictimai yollarda sürücüsüz avtomobillərin sınaqları başlayacaq. Bu zaman salonda təhlükəsizlik operatoru oturacaq. Növbəti mərhələdə avtomobillər sürücü oturacağında operator olmadan sınaqdan keçiriləcək. Robotaksi səfərləri yalnız bundan sonra sakinlər üçün açılacaq.
Kanadaya açılmaq “Waymo”nun sürətlənən qlobal genişlənmə planının bir hissəsidir. 2 il əvvəl şirkətin kommersiya xidməti yalnız 3 bazarda işləyirdi və robotaksilər magistral yollara çıxmırdı. Genişlənmə 2025-ci ilin martında Ostində, daha sonra Atlantada başladı. Hazırda “Waymo” 15 ABŞ şəhərində robotaksi xidməti göstərir. London və Tokioda da sınaqlar keçirilir.
“Waymo”nun birgə baş direktoru Tekedra Mawakana Kanadaya açılmağı şirkətin qlobal planları üçün mühüm addım adlandırıb. Toronto “Waymo”nun indiyədək robotaksi işlətməyə çalışdığı ən şimal şəhərdir. Buradakı sərt qış şəraiti şirkət üçün ciddi sınaq ola bilər. Yerli hava və yol şəraiti həm sürücüsüz idarəetmə sistemini, həm də xidmətin qışa hazırlığını yoxlayacaq.
“Waymo” yeni şəhərlərdə avtomobil parkını yerli tərəfdaşlarla birlikdə idarə edir. Şirkət Torontoda yerləşən “Element Fleet Management” ilə əməkdaşlıq qurub. Tərəflər texniki xidmət, yoxlama sürüşləri, müştəri xidməti və gündəlik işlər üçün yüzlərlə iş yerinin açılacağını gözləyirlər. Kommersiya xidmətinin nə vaxt başlayacağı hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar